Çimərlik mövsümü ərzində son günlər aparılan monitorinqlər və yoxlamalar, həmçinin qeyri-çimərlik ərazilərində baş vermiş araşdırmalar göstərir ki, qeyri-çimərlik ərazilərində faliyyət göstərən istirahət obyektləri, mövsümi kafe və restoranlar su hövzələrində boğulma hadisələrinə gətirib çıxara bilən müəyyən problemlər yaradırlar. Onlar insanları istirahət adı altında su hövzələrinə cəlb edirlər, lakin ərazidə insanların təhlükəsizliyi ilə bağlı tədbirlər görmürlər. Nəticədə isə boğulma halları baş verir.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.
Sektor müdiri qeyd edib ki, DSXX qeyri-çimərlik ərazilərində yerləşən obyektlərdə mütəmadi olaraq monitorinqlər keçirir, onları qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə çağırır: “Xidmətin Sumqayıt Regional Mərkəzi və Sumqayıt şəhər İcra Hakimiyyəti bir nüçə gün əvvəl Xəzər dənizinin Sumqayıt şəhər ərazisi üzrə sahil zolağında, qeyri-çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyektlərində monitorinqlər keçirib. Monitorinqlər zamanı sahil zolağında azyaşlı uşaqların, yeniyetmələrin, qeyri-çimərlik ərazilərində spirtli içki qəbul etmiş şəxslərin, eyni zamanda, mövsümi fəaliyyət göstərən kafe və restoranların ərazisində təhlükəsizlik tədbirləri görülmədən insanların kütləvi şəkildə istirahət etdikləri müşahidə olunub. Aşkar olunmuş nöqsanlarla bağlı vətəndaşlara və yerli icra orqanlarının əməkdaşları ilə birgə ərazidə yerləşən 30-dan artıq istirahət obyektinin hər birinin rəhbərliyinə xəbərdarlıq olunub”.
M.Piriyev əlavə edib ki, 2015-ci il ərzində DSXX-nın xilasedilicilərinin fəaliyyət göstərdiyi çimərliklərdə bir dəfə də olsun ölüm faktı qeydə alınmayıb. Amma təəssüf ki, qeyri-çimərlik ərazilərində baş verən boğulma halları ilə bağlı Xidmətə müraciətlər daxil olur ki, onların da əsasında əməliyyat tədbirləri həyata keçirilir: “2015-ci il yanvarın 1-dən avqustun 17-dək xilasedicilər tərəfindən 240 nəfərin həyatı xilas edilib. Hadisələrin 158-i DSXX-nın xilasetmə avadanlıqlıarı ilə təchiz olunmuş məntəqələrində, digər 82-i isə qeyri-çimərlik ərazilərində baş verib. Onlardan da 73 nəfəri Xəzər dənizinin sahilində qeyd etdiyimiz həmin istirahət obyektlərinin qarşısında 2 nəfər, 3 nəfər göldə, 4 nəfər isə su anbarlarında xilas edilib. Xilasedicilərimiz hazırda da çimərlik mövsümi ilə əlaqədar gücləndirilmiş iş rejmində fəaliyyət göstərməkdə davam edirlər və gün ərzində çimərlik üçün ayrılmış sahil zolağında təhlükəsizliyə ciddi nəzarət edirlər”.