Azərbaycana qarşı növbəti nifrət dalğası qarşısına çıxan bütün məntiqi dəlilləri və təkzibedilməz faktları “məhv edərək” dünya mətbuatının səhifələrindən keçdi. Təəssüf ki, qısa sürən sakitlikdən sonra Azərbaycan qərəzli səbəblərlə yenidən sübutsuz və tamamilə əsassız hücumların hədəfinə çevrildi.
Bir çox qərb KİV-i Azərbaycanda söz azadlığının sıxışdırılmasını əsas gətirərək gənc azərbaycanlı jurnalistin futbol azarkeşləri tərəfindən faciəvi şəkildə həlak olmasına reaksiya verdi. Qərb həmkarlarından heç biri hadisəni araşdırmaq əziyyətinə qatlaşmadı və düşünmədi ki, fotomüxbirin sosial şəbəkədə sıravi futbolçunun davranışı ilə bağlı şəxsi qiymətləndirməsi heç bir halda dövlət tərəfindən söz azadlığının sıxışdırılması faktı ola bilməz.
Futbolçunun qohumları və qızğın azarkeşləri ilə mübahisə nəticəsində jurnalistin döyülməsi hadisəsi ilə hakimiyyətin əlaqəsi olduğunu bəyan etmək, sadəcə olaraq, məntiqi çərçivəyə sığmır. Belə bir təəssürat yaranır ki, Azərbaycana qara yaxmaq qərb mətbuatına hava-su kimi lazımdır. Bunun üçün onlar məişət davasından tutmuş kifayət qədər sülhməramlı idman tədbirlərinə kimi istənilən xəbərdən istifadə etməyə hazırdırlar.
Belə olduğu təqdirdə, hüquq müdafiəçisi fəaliyyəti adı altında öz Vətəninə qarşı işləyən cinayətkarların məhkəməsi haqqında nə demək olar? Leyla və Arif Yunusların məhkəməsindən sonra qərb KİV-i Azərbaycana qarşı növbəti qərəzli kampaniyada qışqır-bağır salmağa başladı.
Lakin heç biri özünü əziyyətə salıb düşünmədi ki, hələ yazmaq barədə danışmıram, hər iki şəxsə qarşı cinayət işinin qaldırıldığı dövlətə xəyanət maddəsi saxtalaşdırılmayacaq dərəcədə çox ciddi bir ittihamdır.
Qəribə təsadüf nəticəsində avqustun əvvəlində Almaniyada jurnalistlər ətrafında qalmaqal baş verdi. Onlar dövlətə xəyanətdə ittiham oluna bilərlər. Almaniyanın “Netzpolitik” xəbər saytının müəllifləri ömürlük həbs cəzası ala bilərlər. Almaniya əks-kəşfiyyatının fəaliyyəti barədə məxfi məlumatları dərc etdiklərinə görə, onlar dövlətə xəyanətdə ittiham olunurlar.
Qərb hakimiyyət institutu ilə söz azadlığı arasındakı toqquşmayla bağlı isə dünya mətbuatı susmağa üstünlük verir və paralel olaraq da Azərbaycana arasıkəsilməz hücumlarını davam etdirir.
Yekunda qərb mətbuatını bir daha obyektiv qiymətləndirməyə çağırmaq istərdim. İkili standartlar qərb mətbuatı üçün “norma”ya çevrilib, ancaq bu, nə vaxtsa onların özünə də toxuna bilər. Azərbaycanı mifik təqiblərdə ittiham edən zaman unutmaq lazım deyil ki, ölkə özünün dövlət quruluşunu müdafiə edir.