Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ilin 2-ci maliyyə yardımı müsabiqəsinə yekun vurub.
Şuradan Trend-ə verilən məlumatda deyilir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən sədr Azay Quliyev Şuranın 2015-ci ildə QHT-lər üçün elan etdiyi 2-ci maliyyə yardımı müsabiqəsinin ümumi yekunları barədə danışıb.
A.Quliyev qeyd edib ki, müsabiqə mövzuları arasında bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar məsələlərə, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə və ictimai aktuallıq kəsb bəzi problemlərlə bağlı videoçarxların hazırlanmasına xüsusi diqqət yetirilib.
İkinci maliyyə yardımı müsabiqəsinin nəticələri haqqında məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, müsabiqə bu il aprel ayının 16-da elan edilib, bu haqda elan, eləcə də müsabiqənin qayda və şərtlərinə aid məlumatlar Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytlarında yerləşdirilib. Müsabiqə üçün ayrılmış 1 ay müddətində Şuraya yerli QHT-lərdən 169 müraciət daxil olub, onlardan 43-nün sənədləri tələb edilən standartlara uyğun olmadığı üçün müsabiqədən kənarlaşdırılıb, 126 layihə təklifi ekspertizaya göndərilərək müvafiq qaydada ekspertlər tərəfindən qiymətləndirilib.
Şura hər bir layihə üzrə ekspert qiymətləndirmələrini və Katibliyin təqdim etdiyi arayışı nəzərə alaraq 97 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarında yerləşdiriləcək.
İclasda Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr 21 avqust 2015-ci il saat 18:00-dək qəbul ediləcək.
Qanunvericiliyin yeni tələbləri ilə bağlı QHT-lərin layihə sənədləşmələrində yol verdiyi nöqsanların aradan qaldırılmasına kömək məqsədilə Şuranın QHT rəhbərləri üçün təlimlər təşkil etməsi məsələsi də müzakirə olunub və bu işin təşkili Katibliyə tapşırılıb.