Azərbaycan bankları “Azərpoçt” MMC timsalında ciddi rəqiblə üzləşə bilər.
Bu, poçt operatoru kreditlərin verilməsi və depozitlərin açılmasına lisenziya aldıqdan sonra mümkün olacaq. Məsələyə Maliyyə, İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, həmçinin Mərkəzi Bank (AMB) tərəfindən baxılır.
“Azərpoçt”un banklardan bir ciddi üstünlüyü var – ölkədəki heç bir maliyyə qurumunun belə geniş filiallar şəbəkəsi yoxdur. Bu gün Azərbaycanda “Azərpoçt”un təqribən 1600 poçt şöbəsi və filialı fəaliyyət göstərdiyi halda, ölkədəki bütün bankların filial və şöbələrinin ümumilikdə sayı cəmi 926-dır. Fərq iki dəfə çoxdur.
Poçt operatorunun bank xidmətləri göstərməsi yenilik deyil. Bu təcrübə artıq bir çox ölkələrdə mövcuddur. Məsələn, Almaniyanın “Deutsche Post AG” və ya Polşanın “Bank Posztowy” operatoru. Rusiya da bank xidmətlərini poçt sisteminə tətbiq etməyi planlaşdırır.
Poçt filialları ən ucqar yaşayış məntəqələrində də var. Poçt operatoru kredit verməyə başlasa, bu əhalinin maliyyəyə çıxışını artırmağa imkan yaradacaq. Əlbəttə, regionlarda bu xidmətləri bəzi bank olmayan kredit təşkilatları da təklif edir – təşkilatların nümayəndələri yaşayış məntəqələrini gəzir, əhalini kreditlə bağlı məlumatlandırır. Bununla belə, poçtun digər üstünlüyü brendin tanınması ola bilər. Regionlarda öz məhsullarını reklam edən bank olmayan kredit təşkilatından fərqli olaraq, hamı poçtun nə olduğunu bilir. Bununla yanaşı, bank və bank olmayan kredit təşkilatından fərqli olaraq, filialın öz xərcini çıxarmaq məsələsi poçt operatoru üçün aktual deyil.
Bir şeyi də başa düşmək lazımdır ki, kreditlərin əsas hissəsi Bakıda verilir. Regionların payına ümumi kreditlərin 16,3 faizi (3,3 milyard manat) düşür.
Hazırda AMB lisenziyası əsasında poçt operatoruna hər növ bank xidmətləri (kreditlərin verilməsi və depozitlərin cəlb edilməsindən başqa) göstərmək imkanı yaradılıb.
“Azərpoçt” artıq mikrokreditlərin verilməsi ilə bağlı pilot layihə hazırlayıb. Layihənin rayonlardan birində həyata keçirilməsi planlaşdırılır. Regionun seçilməsində əsas amil kreditə ehtiyacın olması və onların qaytarılma riskinin olmamasıdır. İlkin mərhələdə kreditlər yalnız sahibkarlıq və kənd təsərrüfatının inkişafına ayrılacaq.
Azərbaycanda vaxtı ötmüş bank kreditləri ən az Dağlıq Şirvan iqtisadi rayonunun payına düşür – cəmi 3,8 faiz (2015-ci ilin I yarısının yekunlarına əsasən). Şirvanda 7 poçt şöbəsinin rebrendinqi üzrə pilot layihə artıq reallaşdırılıb. 2020-ci ilədək ölkədə 150 poçt şöbəsinin rebrendinqinin keçirilməsi planlaşdırılır.
Poçt operatorunun verdiyi kreditlər üzrə faiz dərəcələrinin bank olmayan kredit təşkilatlarının təklif etdiyi faiz dərəcələrindən az olacağı mümkündür. İlkin mərhələdə kreditlərin verilməsi üçün 2 milyon manat vəsait hökumət, qalan vəsait isə beynəlxalq maliyyə təşkilatları, xüsusilə Dünya Bankı (DB) tərəfindən təqdim olunacaq.
Belə olan halda, DB bank olmayan kredit təşkilatlarında olduğu kimi poçt operatoruna təqdim edilən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddini təyin edə bilər. Beləliklə, əhali münasib qiymətə kredit əldə edə bilər. Lakin istənilən halda ölkənin bəzi yerlərində “Azərpoçt” əhalinin kredit ala biləcəyi yeganə qurum ola bilər. Bu da əvvəldən onu bank və bank olmayan kredit təşkilatları ilə müqayisədə daha əlverişli vəziyyətə qoyur.
Bu da əhəmiyyətli məqamdır ki, “Azərpoçt”un bank xidmətləri göstərməsi onun gəlirliliyinin artmasına imkan yaradacaq. Hərçənd hazırda poçt operatorunun nə zaman və hansı şərtlər altında kredit verə biləcəyi məlum deyil, amma banklar yeni rəqiblə üzləşməyə hazır olmalıdır.