AŞPA-nın yay sessiyası zamanı, 23 iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr çox gərgin keçdi. Gözlənildiyi kimi, əsas müzakirələr məruzənin qətnamə layihəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı bəndi ətrafında baş verdi. Bu problemlə bağlı “mövqelər müharibəsi” kimi qiymətləndirilə biləcək müzakirələr AŞPA-da təmsil olunan anti-Azərbaycan qüvvələrinin və siyasi qurum kimi AŞPA-nın iç üzünü açmış oldu. Assambleya məruzənin 1-ci maddəsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsini həmişə istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə dəyişdi. Bütün Avropa və güc mərkəzləri bu dəyişiklikliyi etmək üçün bütün resursları səfərbər etmiş və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə qarşı qoymuşdular. Bu gözlənilən idi. Belə ki, hüququn aliliyi, demokratiya carçısı Assambleya bir üzv dövlətin digərinin ərazisini 23 ildir işğal altında saxladığını, Azərbaycan xalqının bu cür ağır faicəsindən məlumatlı olduğunu ifadə etməklə öz fəaliyyətsizliyini ifşa etməklə bərabər, Azərbaycan torpaqlarının işğal altında saxlanılması fakıtına göz yumduğunu etiraf etmiş olurdu.
Qeyd edim ki, məruzə layihəsi cari ilin may ayında Monitorinq Komitəsinin iclasında təqdim edilərkən mənim kəskin çıxışımdan sonra məruzə layihəsinin 1-ci bəndində Azərbaycan ərazilərinin işğalı faktının “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsi kimi əks etdirilməsinə nail olduq. Mən çıxışımda eyni zamanda, Azərbaycan torpaqlarının 23 ildən artıq müddət ərzində Ermənistanın işğalı altında olmasına baxmayaraq, Avropa Şurasının yalnız “tam məlumatlı” olmasını bəyan etməklə kifayətlənməsinə öz dərin təəssüfümüzü bildirdim.
Lakin erməni lobbisi və anti-Azərbaycan qüvvələri Ermənistanın işğalçı kimi tanınmasını qəbul edə bilmirdilər və ona görə də bu məruzə Avropa Şuarısının saytında yerləşdirildiyi 21 may tarixdən etibarən bütün erməni lobbisi və anti-Azərbaycan qüvvələr bu məsələ ilə məşğul olmağa, Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlar təşkil etməyə başladılar. Nəticə isə sessiya zamanı açıq-aydın üzə çıxdı, AŞPA üzvlərindən demək olar ki, heç kəs erməni işğalını dilə gətirmədi. Hətta anti-Azərbaycan qüvvələri, xüsusən də prezident Ann Brassör və Baş Katib Savitski həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskiyə təzyiq etməkdən belə çəkinmədilər.
Onu da qeyd edim ki, Monitorinq Komitəsinin 28 may tarixli iclasında məruzənin qətnamə layihəsinin 1-ci bəndində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsinin saxlanılmasına nail olduqdan dərhal sonra aparıcı güc mərkəzləri özlərinin anti-Azərbaycan kampaniyasını daha da aktivləşdirdi. Onlar müxtəlif beynəlxalq hökumətlərarası təşkilatlarda və qeyri-hökumət təşkilatlarındakı satellitlərinə sinxron şəkildə müxtəlif istiqamətlərdə Azərbaycana qarşı kampaniyaları gücləndirmək barədə göstəriş verdilər. Güc mərkəzlərindən gələn göstərişlə anti-Azərbaycan qüvvələri və çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Şərqi və Qərbi Avropa, Qafqaz və Balkanlarda 13 ölkədə 18 insan hüquqları evində 90 insan hüquqları təşkilatını özündə birləşdirən İnsan Hüquqları Evi Şəbəkəsi Azərbaycana qarşı sistemli hücuma keçməyə başladılar. Onlar açıq-aydın demokratik institutların fəaliyyəti ilə bağlı məruzədə işğalla bağlı maddənin olmasının əleyhinə çıxış edirdilər. Onlar çıxışlarında hüquququn aliliyinə zidd, məhkəmənin, suveren ölkənin işinə qarışır, insan hüquqları ilə bağlı bir-birini təkrar edən maddələrin əlavə olunmasını təklif edirdilər. Bu isə onların Azərbaycana təzyiq etmək üçün təşkil olunduqlarını bəlli edirdi. Bu qərəzlilik qətnaməyə eyni mahiyyətli və təkrarlanan qərəzli düzəliş və təkliflərin irəli sürülməsində açıq-aydın görünürdü.
Anti-Azərbaycan qüvvələrin strategiyasının ikinci əsas istiqaməti kimi Azərbaycanda keçiriləcək 2015-ci il parlament seçkiləri hədəf seçilmişdi. Bunun üçün onlar məruzəyə belə bir bənd əlavə etməyə çalışırdılar: “DTİHB ilə tam əməkdaşlıq edilsin. Assambleya bu əməkdaşlığı nəzərə alaraq, qarşıdakı seçkilər üçün müşahidə missiyası ilə bağlı qərar qəbul edəcək.”
Anti-Azərbaycan qüvvələrin bu əlavəsinin əsas mahiyyəti Azərbaycanda 2015-ci ildə keçiriləcək parlament seçkilərinin müşahidəsi üçün ATƏT/DTİHB dəvət edilməyəcəyi təqdirdə AŞPA müşahidə missiyasını oktyabr ayında geri çağırmasına nail omaq idi. Maraqlıdır ki, çıxışlarda hətta biri-birinə zidd olan təkliflər səsləndirildi. Bunlardan biri DTİHB-nin seçkilərə dəvət edilməyəcəyi təqdirdə AŞPA müşahidə missiyasının geri çağrılmasını nəzərdə tuturdusa, digəri bunun əksini – AŞPA müşahidə missiyasının tərkibinin iki dəfə artırılmasını nəzərdə tuturdu.
Əslində, DTİHB-lə bağlı bu təklif nə qədər ziddiyyətli olsa da, o qədər də gülünc görünürdü. Belə ki, Azərbaycan hökuməti bu və ya digər təşkilatlar qarşısında seçkiləri müşahidə üçün dəvət etmək öhdəliyi götürməyib, Azərbaycan hökuməti seçkilərə dəvəti özü könüllü şəkildə həyata keçirir və bu dəvət Azərbaycan hakimiyyətinin xoş məramı ilə qaynaqlanır. Odur ki, anti-Azərbaycan qüvvələrin bu cəhdi alınmadı. AŞ-nın Azərbaycan qarşısındakı öhdəliyinə görə, o, seçkiləri müşahidə etməlidir. Bu səbəbdən onların ölkəmizi bu formada hədələmə cəhdləri əbəsdir.
Lakin bu təklifi irəli sürənlərin əsas məqsədi məruzənin 1-ci bəndini dəyişmək, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğal edilməsi faktını gizlətmək idi. Onlar bu maddəni zəiflətmək üçün 4 düzəliş vermişdilər. Müxtəlif formada biri-birini təkrarlayan düzəlişləri irəli sürməkdə niyyət onlardan biri keçmədiyi halda digəri ilə məqsədə nail olmaq idi.
Hətta iş o yerə çatmışdı ki, Ukraynanı fəlakətə uğradan bəzi Avropa siyasətçilərinin, güc dövlətlərinin Ukrayna hakimiyyətinə güclü təsiri nəticəsində Ukraynalı deputatlar Azərbaycan torpaqlarının işğalını Ukraynanın işğalına oxşatmamaqla bağlı qətnamə layihəsi təqdim etmişdilər.
Lakin AŞPA üzvləri öz ölkələrindən xüsusi göstəriş almalarına baxmayaraq, bu düzəlişlərdən 3-nü rədd etdilər və sonuncu 1 düzəliş 10 səslə qəbul edildi. Maraqlıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yenicə, 16 iyun 2015-ci il tarixində Çıraqov və digərlərinin işi ilə bağlı qəbul etdiyi qərar belə nəzərə alınmadı. Belə ki, Məhkəmə öz qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsi faktını vurğulayır, Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirir. Azərbaycanın Dağlıq Qarabağla yanaşı 7 ətraf rayonunun işğal edildiyini dəfələrlə vurğulasam da, onlar bunu eşitmək istəmirdilər.
AŞPA prezidenti Ann Brassör öz məkrli məqsədlərinə nail olmaq məqsədilə müxtəlif bəhanələrlə həmin bəndi bir neçə dəfə səsə qoydu. Hətta səsvermədən sonra kuluarlarda deputatlar qəbul edilən düzəlişin 10 səs çoxluğu ilə qəbul edilməsinə dair şübhələrini gizlətmirdilər.
Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən, həmməruzəçilər müzakirələr zamanı düzəlişlərlə bağlı öz fikirlərini bildirə bilərlər. Misal üçün, bir neçə il əvvəl Ştrasserin məlum məruzəsi müzakirə edilərkən o, düzəlişlərlə bağlı öz fikrini bildirirdi. Lakin AŞ prezidenti Ann Brassör bu müzakirələr zamanı AŞPA-nın prosedur qaydalarını kobud şəkildə pozaraq, məruzənin birinci bəndinə düzəlişlərin müzakirəsi bitənədək məruzəçilərə söz vermədi.
Məruzəçilər buna etiraz etdikdə, Ann Brassör onlara sizin belə bir hüququnuz yoxdur cavabı verdi və Baş Katib Savitski də bunu təsdiqlədi. Yalnız AŞPA-nın İspaniyalı üzvü cənab Aqustin Kondi buna qarşı çıxış edərək prosedur qaydalarının tələbləri ilə bağlı geniş izahat verdikdən sonra Ann Brassör həmməruzəçilərə söz verdi. Amma artıq gec idi, Savitskinin erməniləri müdafiə missiyası artıq başa çatmışdı.
Azərbaycan xalqına bəyan edirəm ki, Avropa Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğal edildiyini hesab etmir və onların bu barədə mövqeyi dünyanı və Azərbaycan ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. 23 ildir erməni tapdağı altında olan torpaqlarımızı azad etmək üçün Avropaya və beynəlxalq qurumlara etibar etmək və ya onlardan kömək gözləmək sadəlövlükdür.
Nəhayət, qeyd etmək istərdim ki, Ermənistan tərəfi uzun müddət idi ki, AŞPA Siyasi Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş rayonlarında gərginliyin artması” üzrə məruzəçisi Robert Volterlə əməkdaşlıqdan imtina edirdi və onun mandatı çərçivəsində Ermənistana səfər etməyə imkan vermirdi. Bununla belə, AŞ rəhbərliyi və Ermənistan hakimiyyətinin işğalı gizlətmək cəhdlərinə baxmayaraq, onlar 23 iyunda cənab Robert Volterin məruzəçi kimi öz mandatı çərçivəsində Ermənistana dəvət edilməsinə məcbur oldular. Sessiya zamanı AŞPA Sosial Komitəsində işğal altında olan Sərsəng su anbarı ilə bağlı məruzəçi Milica Markoviçin Azərbaycana və Ermənistana növbəti səfəri ilə bağlı qərar veriləcəyi də gözlənilir. Hər iki məruzə bu ilin sonunadək təqdim olunacaqdır.
Sonda bir daha vurğulamaq istərdim ki, AŞPA-da müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlərin arxasında ərazilərimizin Ermənistan tərəfindən işğalını gizlətməkdən və işğal faktının unudulmasına nail olmaqdan ibarətdir. Lakin biz belə məkrli qüvvələrə qarşı mübarizəmizi sona qədər qətiyyətlə davam etdirməliyik.