Azərbaycan və Qazaxıstan Transavrasiya Super İnformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi üzrə müqavilə hazırlayırlar. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.
Nazirlikdən bildiriblər ki, tərəflər müvafiq müqaviləni imzaladıqdan sonra TASİM-in Xəzər seqmentinin tikintisinə başlana bilər.
Qeyd edək ki, tikinti işlərinə 2016-cı ildə başlamaq planlaşdırılır. TASİM-in ümumilikdə 20 ölkəni birləşdirməsi nəzərdə tutulub.
Hazırda TASİM layihəsinə Rusiya (operator “Rostelekom”), Qazaxıstan (“KazTransKom”), Türkiyə (“TurkTelecom”), Çin (“ChinaTelecom”) cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.
Layihənin reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasında “informasiya uçurumu”nu aradan qaldırmağa imkan verəcək.