Türkiyədə parlament seçkilərindən sonra koalisiya hökumətinin yaradılması istisna edilmir. Bu barədə Trend-ə Türkiyənin “Strategic Outlook” Beynəlxalq Araşdırma Mərkəzinin prezidenti Yusuf Çinar deyib.
O bildirib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 13 ildir hakimiyyətdə olmasına baxmayaraq, ötən ilki seçkilərlə müqayisədə korrupsiya qalmaqalı və Fətullah Gülən tərəfdaşlarına qarşı aparılan kampaniyadan sonra partiyanın mövqeyi xeyli zəifləyib.
Ekspert qeyd edib ki, Türkiyədə aparılan sorğuların nəticələrinə görə, hakim partiya seçicilərin 39-42 faiz səsini toplayıb qələbə qazanacaq. Sorğulara əsasən, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) 26-29 faiz səs toplaya bilər. Milliyyətçi Hərəkat Partiyasının (MHP) isə 14-17 faiz səs toplayacağı gözlənilir. Müxalif Xalqların Demokrat Partiyası (HDP) isə təxminən 9-12 faiz səs toplaya bilər.
Y.Çinar hesab edir ki, HDP 10 faizlik səddi aşmaqla parlamentə seçilə bilsə, hakim partiya koalisiya hökuməti yaratmalı olacaq: “Hakim partiya MHP ilə koalisiya hökuməti yarada bilərdi, lakin bu qurum və HDP artıq bəyan edib ki, hakim partiya ilə koalisiya hökuməti yaratmaq istəmir”.