Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında qəbul keçirilib.
Trend-in AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak ediblər.
Britaniya parlamentinin üzvü Lord Addinqton beynəlxalq idman tədbirlərinin müxtəlif mədəniyyətləri və mentalitetləri bir araya gətirmək baxımından əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, “Bakı-2015” Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq. Lord Addinqton birinci Avropa Oyunlarının təşkilatçılarına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan AAC-ın sədri Taleh Heydərov bildirib ki, “Baku-2015”-in həyəcanını bütün Azərbaycanda hiss etmək mümkündür. Gənc ölkə olmağımıza baxmayaraq, beynəlxalq idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın qısa müddətdə sürətli inkişafının, Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir.
T.Heydərov deyib: “İnanıram ki, “Bakı-2015” Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək və ölkəmiz bundan sonra da beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcək”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin tarixən bir çox cəhətlərinə görə dünyada tanındığını deyib. O, “Bakı-2015” birinci Avropa Oyunları ilə Azərbaycanın Avropada və dünyada idman sahəsində daha yaxşı tanınacağını bildirib. “Bakı-2015”-in başlamasına çox az bir vaxt qaldığını qeyd edən diplomat, Avropa Oyunlarına hazırlıq prosesi və təşkilatçılıq haqqında məlumat verib. Səfir Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib. Oyunların Avropa idmanında tarixi hadisə olacağını vurğulayan T.Tağızadə, qonaqları mötəbər idman tədbirini izləmək üçün Bakıya dəvət edib.
Britaniya Parlamentinin üzvü Bob Bləkmən “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. O, qısa müddətdə ölkəmizdə yaradılan idman infrastrukturunun möhtəşəm olduğunu qeyd edib. Britaniya ilə Azərbaycan arasındakı münasibətlər haqqında məlumat verən deputat, dostluq və əməkdaşlığımızın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə, həmçinin birinci Avropa Oyunları barədə video-çarx nümayiş olunub.
Sonda ziyafət təşkil edilib.