Ceyhun Musaoğlu: “Məqsədimiz yazarların kitablarının satılmasına, daxildə və xaricdə yayılmasına, oxunmasına və bu yolla ev kitabxanalarının yaradılmasına nail olmaqdır”
Bir neçə dövlət qurumu ədəbiyyatın cəmiyyyətin inkişafına, cəmiyyətin isə ədəbiyyatın populyarlaşmasına nail olması məqsədi ilə yeni layihəyə başlayır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu müsahibə verərək, bu layihənin mahiyətinə aydınlıq gətirib. Trend həmin müsahibəni diqqətinizə çatdırır.
– Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ədəbiyyata xidmət edən növbəti layihəyə başlayır. Mətbautda xəbərlər yayılsa da, layihənin mahiyyəti haqqında ətraflı bilgilər yoxdur. Mümkünsə, layihə barədə geniş məlumat verərdiniz.
– Geniş məlumat verə bilməyəcəm, ona görə ki, layihəyə hələ yeni başlayırıq. Növbəti mərhələlərdə nəticələr barədə ətraflı danışmaq olar. Ancaq ümumi açıqlama vermək mümkündür. Öncə onu deyim ki, layihənin ideya müəllifi bu dəfə də Dövlət müşaviri, akademik Kamal Abdullayevdir. Ədəbiyyata xidməti özünə meyar seçən Kamal Abdullayev bizimlə söhbətlərində tez-tez vurğulayırdı ki, yazıçı öz kitabını satmaq problemi ilə qarşılaşmamalıdır. Yazıçı əsərini yazmalı, onun nəşri və satışını nəşriyyatlar öz üzərinə götürməlidir. Təəssüf ki, bizdə hələ bu sistem tam oturuşmayıb. Ona görə belə qərara gəldi ki, geniş oxucu kütləsi olan, sevilən yazarların kitablarını özümüz alaq və onların yayılmasını təşkil edək. Kamal müəllimin bir fikrini də xatırlatmaq yerinə düşərdi: “Əsas oxucunu formalaşdırmaqdır, yazıçını yox”. Məhz bu məntiqdən çıxış edərək, həyata keçirəcəyimiz layihə ilə həm yazıçıların kitablarını alacağıq, həm də bu kitabların gənclər, yeniyetmələr, məktəblilər arasında oxunmasına, bu vasitə ilə ev kitabxanalarının zəngimləşdirilməsinə nail olacağıq. Bununla da ədəbiyyatın təbliği, inkişafı, gənc yazarların daha böyük oxucu kütləsi arasında tanıdılması istiqamətində mühüm işlər görülmüş olacaq. Bir sözlə, məqsədimiz yazarların kitablarının satılmasına, daxildə və xaricdə yayılmasına, oxunmasına və bu yolla ev kitabxanalarının yaradılmasına nail olmaqdır.
– Layihənin adı nədir?
– Müzakirələr əsasında belə qərara gəldik ki, layihənin adı “Ev kitabxanası” olsun. Artıq iki müəllifin – Qan Turalının “Doqquz hekayə”, Şəhriyar Del Geraninin “Darıxmağın adı” kitablarını satın almışıq. Növbədə Aydın Talıbzadənin kitabıdır. Onu da xüsusilə qeyd edim ki, layihə çərçivəsində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınacaq.
– Belə başa düşdüm ki, adını çəkdiyiniz qurumlar aldıqları kitabları pulsuz paylayacaqlar.
– Siz layihənin ümumi mahiyyətindən danışırsız. Layihə çərçivəsində təkcə kitabların kimlərəsə hədiyyə edilməsi həyata keçirilməyəcək, ədəbiyyatın təbliğatı, oxumaq vərdişlərinin aşılanması, yazarların tanınması, oxucu ilə müəllif təmaslarının qurulması, kitab bayramlarının, sərgilərinin keçirilməsi, əsərlərin xaricdə təqdimatı kimi, müxtəlif səpkili işlər həyata keçirəcəyik. Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin könüllüləri də bu fəaliyyətə cəlb olunacaq. Kitablar Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdıracaq, Multikulturalizm Mərkəzi isə hazırda formalaşdırmaqda olduğu kitabxanasını zənginləşdirəcək, Azərbaycan Yaradıcılıq Fondu bu fəaliyyəti ilə xüsusən qələm adamlarına dəstək olacaqdır.
Bu qurumlar kitablarının yayılmasına dəstək göstərdiyi şəxslərin və başqa qələm sahiblərinin həm ölkəmizdə, həm də xaricdə kitablarının ictimaiyyətə tanıdılması ilə bağlı müxtəlif təqdimat tədbirləri və xüsusən Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi planlaşdırır.
Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi var. Öncə bu layihədə iştirak edən məktəblilərin ev kitabxanalarını yaradacağıq. Həmin kitablar onlara hədiyyə olunacaq və mütamadi olaraq, ev kitabxanalarının monitorinqi keçiriləcək. Təsəvvür edin ki, məktəblinin özünün kitabxanası olacaq, məncə bu, çox gözəl hadisədir. Bununla yanaşı, yazarların bölgələrdə mütamadi görüşləri təşkil olunacaq. Ev kitabxanalarının formalaşmasında məktəblilərin də rəyi nəzərə alınacaq. Elmlə maralananlara daha çox elmi, fəlsəfə ilə maralananlara fəlsəfi, şeirlə maralananlara şeir kitabları veriləcək.
– Layihə neçə aylıq nəzərdə tutulub.
– Belə layihələrin müddəti olmur. Biz istəyirik ki, proses davam etsin. Gördüyümüz iş mətbuat tərəfindən nə qədər geniş təbliğ olunsa, cəmiyyətin maariflənməsi prosesi bir o qədər yüksək sürət götürər. Yəqin xatırlayırsınız ki, sovet dövründə hər evdə uzağı bir kitabxana olardı, həmin kitablar da daha çox valideynlərə məxsus idi. Biz məhz uşaqlara məxsus kitabxanalar yaratmaq istəyirik. Kitab toplamaq hər bir yeniyetmənin, məktəblinin hobbisinə çevrilməlidir. Məhz bu ənənə formalaşana qədər bizim layihə davam edəcək.