Bu gün Rusiya ilə bir çox tərəfdaşlıq münasibətlərinin sınağa çəkildiyi bir vaxtda Azərbaycanın bu ölkə ilə əlaqələri bütün sahələri əhatə edərək sürətlə inkişaf edir. Trend-in məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə müsahibəsində deyib.
E.Məmmədyarov bildirib ki, Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlər çərçivəsində dinamik inkişaf edən əməkdaşlığı sevindirici haldır: “Bizim əlaqələrimiz qarşılıqlı hörmət və mənfəətə dayanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Rusiyanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir. Turizm sahəsində də yaxşı inkişaf perspektivləri var. Hər il Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır. Rusiyalıların istirahəti üçün yaxşı imkanlarımız var. Coğrafi cəhətdən yaxınıq və dil əngəli yoxdur. Mədəniyyət və təhsil sahəsini də xüsusilə qeyd etmək istərdim. 13 min azərbaycanlı tələbə Rusiyanın ali təhsil ocaqlarında oxuyur. Demək olar ki, hər həftə Rusiyanın məşhur kollektivləri Azərbaycana qastrola gəlir. Qarşılıqlı səfərlərin intensivliyi, Azərbaycan mədəniyyəti və mətbəxinin təbliğatı, ölkələr arası tələbə mübadiləsi bizi yalnız sevindirir”.