Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçidin tarixi açıqlandı

Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid bu ilin payızında gözlənilir. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə deyib.
Onun sözlərinə əsasən, daha əvvəl iyuna planlaşdırılmış rəqəmsal televiziyaya keçid qarşıdakı İlk Avropa Oyunları ilə əlaqədar təxirə salınıb.
Ə. Abbasov vurğulayıb ki, analoq siqnalının dayandırılması məsələsi Avropa Oyunları başa çatdıqdan sonra aktuallaşacaq və bu məsələ üzrə danışıqlar Milli Televiziya və Radio Şurası ilə aparılacaq: “Azərbaycan hazırda rəqəmsal TV-yə keçməyə tam hazırdır. Güman edirəm ki, artıq payızda bu standarta tam keçə biləcəyik. Bu çox vacibdir, çünki analoq yayımında istifadə edilən tezlik spektri digər xidmətlərin göstərilməsi üçün istifadə edilə bilər. Dünyada vəziyyət dəyişir və buna görə də bu yayım standartına mümkün qədər tez keçmək lazımdır”.
Nazir diqqətə çatdırıb ki, bu sahədə gələcək dəyişikliklərin nəticəsində bir çox istehsalçılar artıq ilin sonuna analoq televizorları buraxmağı dayandıracaqlar.
Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO