“Ermənistan, o cümlədən dünya erməniliyi çərkəz soyqırımı mövzusunu aktuallaşdırmaqdan əl çəkmək fikrində deyil. Yaxınlarda Los-Ancelesdə fəaliyyət göstərən “Geosiyasi qrup” adlı erməni təşkilatı yenidən çərkəz soyqırımı mövzusunu aktuallaşdırdı”.
Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, bu təşkilatın yaydığı bəyanatda Rusiyanın çərkəzlərə qarşı açıq-aşkar cinayət törətdiyi, çərkəz və erməni xalqlarının oxşar tale yaşadığı bildirilir: “Ən çox diqqət çəkən məqam isə 1915-1923-cü ildə erməni xalqının Türkiyədəki baş verən hadisələr nəticəsində çərkəzlərin yaşadığı torpaqlara köçməsi məsələsidir. Siyasi aləm üçün kifayət qədər yeni olan bu yanaşma Rusiyanın daxili inzibati ərazi bölgüsünə müdaxilə edir. Osmanlı dövründə ruslar ermənilərdən alət kimi istifadə etdikləri üçün sonradan ermənilərin bir qismini indiki Stavropol, Rostov və Krasnodar vilayətlərinə köçürdü. İndi ermənilərin fikrincə, Şimali Qafqaz, Stavropol, Rostov və Krasnodar vilayətləri bütövlükdə çərkəzlərə məxsus torpaqlardır. Əlbəttə, bu, tarixi məsələdir. Amma fakt odur ki, ermənilər bütövlükdə bu torpaqları çərkəzlərə bağışlamaqla gələcəkdə çərkəzlərin də bu torpaqlar uğrunda mübarizə aparmaq haqqını tanıyacaqlar”.
M.Əhmədoğlu bildirib ki, ermənilərin çərkəz məsələsini aktivləşdirməsinin kökündə Rusiya-Türkiyə qarşıdurmasına yeni impuls verməklə bütün Qərb dünyasını Rusiyaya qarşı yenidən istiqamətləndirməkdir: “Türkiyədəki çərkəzlər də hazırda bu mövzuda ermənilərin arzularına uyğun hərəkət etmək məcburiyyətindədirlər. Çünki Türkiyə heç vaxt çərkəz soyqırımı məsələsini tanımayıb. Türkiyə Şimali Qafqazda gedən proseslərdə Rusiya ilə münasibətləri gərginləşdirməmək kursu götürmüşdü. R.T.Ərdoğan hakimiyyətə gəldikdən sonra isə ümumiyyətlə, Şimali Qafqaz, çərkəz məsələsi demək olar ki, “unuduldu”. Türkiyədə çoxsaylı – 8-10 milyon hüdudlarında olan çərkəzlər dillərinin öyrənilməsi üçün heç bir əlavə güzəşt edilmədi”.
Politoloq bildirib ki, Ankarada çərkəzlər və ermənilər birgə iclas keçirdilər. Onun sözlərinə görə, ABŞ-dakı çərkəzlərin təmsilçiləri də tədbirə qatılmışdılar: “Çərkəzlər erməni soyqırımında iştiraklarını etiraf etdilər və bunu osmanlının siyasəti ilə əlaqələndirdilər. Həm də bəzi çərkəzlərin erməniləri xilas etdiyini də bildirdilər.Türkiyənin çərkəz məsələsinə laqeydliyi fonunda ermənilərin çərkəz soyqırımını aktivləşdirməsi və bunu ABŞ adından təqdim etmələri Türkiyədə yaşayan çərkəzlər üçün cəlbedici görünür. Türkiyədəki çərkəzlərin davranışında belə dönüş, belə dəyişiklik rəsmi Ankaranı çərkəz məsələsinin siyasətini dəyişməyə vadar edən faktordur. Nəticədə, rəsmi Ankara çərkəz probleminə diqqətini artıracaq. Bu isə yaxın vaxtlarda Şimali Qafqazda yeni ab-hava yarada bilər. Türkiyənin iştirakı ilə Şimali Qafqazda yaranan yeni geosiyasi dalğalar Rusiya-Türkiyə münasibətlərinə təsirsiz qalmayacaq”.
Politoloqun sözlərinə görə, bu iki ölkənin münasibətləri yenidən uzun müddətli pisləşmək kursunu götürəcək: “Qazanan isə daha çox ermənilər olacaq. Çərkəzlərin isə qəribə taleyi var. Ermənilər çərkəzləri soyqırım mövzusunda aktivləşdirir, Rusiya isə dərhal çərkəz fəallarını həbs edir. Məsələni aktual edən digər parametrlərdən biri də ondan ibarətdir ki, ABŞ-da Los-Anceles geosiyasi klubunun rəhbərləri vaxtilə Ermənistan prezidenti S.Sərkisyanın ən yaxın ətrafında olan adamlardır. Ona görə S.Sərkisyan birbaşa onların fəaliyyətinə təsir etməklə bu məsələni də gündəlikdən çıxara bilərdi. S.Sərkisyan təsir etmirsə, deməli, ABŞ-dakı ermənilərin çərkəz məsələsini aktivləşdirməsində S.Sərkisyanın özünün də marağı var. S.Sərkisyanın çərkəz məsələsində aktivləşməsinə marağı olduğunu digər arqument də göstərir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı ortalığa düşən kimi S.Sərkisyan uzun müddət Avropa liderləri ilə Şimali Qafqazı müzakirə etdi. Ermənistanın Şimali Qafqaza dini və coğrafi baxımdan heç bir bağlılığı yoxdur. İqtisadi layihələr reallaşdırmaq imkanı da yoxdur. Bu prizmadan S.Sərkisyanın Avropa liderləri ilə Şimali Qafqazı müzakirə etməsi ancaq konfliktogenlik parametrindən qəbul edilə bilər”.
M.Əhmədoğlunun sözlərinə görə, ona görə də belə düşünmək mümkündür ki, hal-hazırda Los-Anceles qrupunun çərkəz məsələsini aktivləşdirməkdə əsas məqsədi Şimali Qafqazda vəziyyəti gərginləşdirməyə yönəlib və bu məsələlər birbaşa S.Sərkisyanın iştirakı ilə baş tutur.