Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət gücləndirilib. Bu barədə Trend-ə Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov deyib.
O qeyd edib ki, tarixdə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə çoxlu sayda idman heyətləri və azarkeşlər gəlməsini nəzərə alaraq POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb.
İ.Əhmədov qeyd edib ki, Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir: “Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işlərini diqqətdə saxlamaq həvalə edilib. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ tədbirlərin həyata keçirilməsinə başlanılıb”.
Ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər münasibətlər Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir.
Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib və onların bir hissəsi «kart vasitəsilə birbaşa təmas olmadan» istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir. İlin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandırmış iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılmış POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür.
2015-ci ildə əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib. May ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərində yerləşən 30287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.
Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 milyon manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 milyon manat təşkil edib, artım həcmi 18 milyon və ya 12% olub.
Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı «POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərininməlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr» vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, əhalinin məlumatlandırılması məqsədilə sahibkarlıq obyektlərinin görünən yerlərində stiker formasında təbliğat-təşviqat lövhələri quraşdırılıb.