Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun arasında keçirilən görüşün əsas mövzusu Rusiyanın “Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək” arzusu olub.
Trend-in məlumatına əsasən, bu barədə Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Rusiyanın “Rossiya 24” telekanalına verdiyi müsahibəsində deyib.
Nazir qeyd edib ki, Rusiya ilə olan strateji əməkdaşlıq çoxtərəfli olaraq iqtisadi, siyasi və humanitar məsələləri özündə əks etdirir.
E.Məmmədyarovun sözlərinə görə, Rusiyalı həmkarı ilə danışıqlardan sonra iki ölkə arasında növbəti iki il üçün əməkdaşlıq və konsultasiya haqqında sənəd imzalanıb: “Ən əsası odur ki, strateji əməkdaşlıq nəinki mərkəzi qurumlarda, həm də regionlarla da münasibətdə əksini tapır. Rusiya və Azərbaycan regionları arasında yaxşı münasibət var”.
Görüş zamanı S.Lavrovun Ukraynadakı münaqişə ilə bağlı məlumat verməsi də qeyd olunub.
“Münaqişələrin həlli o dərəcədə vacib məsələdir ki, onu generallara etibar etmək olmaz. Burada diplomatiya öz sözünü deməlidir, – deyə E.Məmmədyarov bildirib.
Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlığına daxil olub-olmayacağı barədə danışarkən nazir qeyd edib ki, Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlara uyğun olaraq qurur: “Bu da öz növbəsində ölkənin iqtisadi, siyasi, humanitar inkişafını və müstəqilliyini möhkəmləndirir”.
Xarici işlər naziri qeyd edib ki, Avrasiya iqtisadi əməkdaşlığında Gömrük İttifaqı böyük rol oynayır, lakin Ermənistan tərəfindən işğal olunmuş torpaqlar probleminin hələ də qalması Azərbaycanın Gömrük İttifaqında olmasına imkan vermir. Lakin E.Məmmədyarov Ermənistan qoşunlarının arxaya çəkildiyində, vəziyyətin normallaşdığı, sərhədlərin açıldığı təqdirdə, Azərbaycanın İttifaqda iştirakının mümkün olduğunu deyib.