BQXK-nin Azərbaycan nümayəndəliyi cəbhəyanı bölgələrdə çalışan jurnalistlər üçün seminar keçirib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisində bu qurumun əməkdaşları cəbhəyanı bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçiriblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, seminarın əsas mövzuları BQXK və Qızıl Aypara Hərəkatı, BQXK-nin Azərbaycandakı fəaliyyəti , Beynəlxalq Humanitar Hüququn əsasları, jurnalistlərin silahlı münaqişələrdə işi və müdafiəsi və münaqişənin kütləvi informasiya vasitələrində işıqlandırılmasından ibarət olub.
Mətbuat işçilərinə BQXK-nın yaranışı, fəaliyyət istiqaməti, gördüyü işlərdən danışılıb. Eyni zamanda davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsinin fəsadlarından, müharibə zamanı itkin düşmüş şəxslərdən, onların axtarılması və barələrində məlumatların toplanıb yaxınlarına çatdırılmasından da bəhs olunub. Seminarda xüsusilə münaqişə zonalarında, döyüş əməliyyatlarının keçirildiyi ərazilərdə beynəlxalq humanitar təşkilatlarda çalışan əməkdaşların, həmçinin jurnalistlərin vəzifələri, səlahiyyətləri, hüquqları və bu hüquqların hansı beynəlxalq sənədlər əsasında qorunması haqda məlumatlar verilib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova jurnalistlərin suallarını cavablandırıb.
Media nümayəndələrinə seminarda iştiraklarını təsdiqləyən sertifikatlar verilib.
APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO