Mayın 22-də Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib.
Mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.
Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.
Trend xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş ofisin açılışını bildirən rəmzi lent kəsildi.
Mərasim iştirakçıları yeni ofis binası ilə tanış oldular, fondun fəaliyyətini əks etdirən fotostendlərə baxdılar.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yeni ofisin açılışı münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunu təbrik edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğu, siyasi dialoq, azad mətbuat inkişaf etməyə başladı. Ulu Öndər bu tipli institutların formalaşmasına zəmin yaratdı, onların inkişafını təmin etdi. Belə vətəndaş cəmiyyəti institutlarından biri də bu gün yeni ofisinin açılışında iştirak etdiyimiz Beynəlxalq Avrasiya Mətbuat Fondudur.
Əli Həsənov vurğuladı ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda qeyri-hökumət təşkilatlarının klassik nümunəsidir və 20 ildən artıqdır çox səmərəli fəaliyyət göstərir. Mən bu baxımdan Umud Mirzəyevin və onun peşəkar komandasının fəaliyyətini yüksək dəyərləndirir, Azərbaycan hakimiyyəti adından onlara təşəkkür edirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3500 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlar hər il ayrı-ayrı donorlardan qrantlar alaraq Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna öz töhfələrini verirlər. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu prosesini bu gün Prezident İlham Əliyev uğurla və dönmədən davam etdirir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, bəzi qərəzli beynəlxalq təşkilatlar guya Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə əngəl törədildiyini, onlar üçün heç bir şəraitin yaradılmadığını iddia edirlər. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni ofisinin açılışı belə düşünənlərə ən tutarlı cavabdır. Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını dövlət həyatının ayrılmaz tərkib hissəsi hesab edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, azad mətbuat Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissələridir və gələcək inkişafımızı bu institutlarsız təsəvvür etmirik. Məhz Azərbaycanın dövlət siyasətinin yaratdığı münbit şəraitin nəticəsidir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvlərindən biridir və bu qəbildən digər təşkilatlarımız da vardır. Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları, jurnalist qurumları ölkəmizi beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil edirlər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirdi ki, bu gün Azərbaycan Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti ilə səmərəli tərəfdaşlıq və əməkdaşlıq edir. Bu tərəfdaşlıq və əməkdaşlıq sahələrindən biri də qeyri-hökumət təşkilatlarına verilən dəstək, onların fəaliyyətinə hərtərəfli stimul yaradılmasıdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin təşkilatlarla Azərbaycanın əlaqələrinə səmərəli dəstək verən qurumlardan biridir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev mərasimdə çıxış edərək bildirdi ki, fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövründə fəaliyyətə başlayıb. Əsas missiyası postsovet məkanında münaqişə bölgələrindən həqiqətləri dünyaya çatdırmaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondu xarici jurnalistlərin və ictimai xadimlərin özlərinə doğma bildikləri sülh və dostluq məkanı olub. Həmin illəri xatırlayanda bir anlıq BAMF-nin ilk yerləşdiyi məkan – mənim öz evim yadıma düşür. Müharibənin yaratdığı bütün ağrı-acılara baxmayaraq, biz missiyamızın nə qədər ali və sülhsevər olduğunu bildiyimizdən bu yoldan dönmədik, əsla usanmadıq və sülhün təbliği istiqamətində fəaliyyətimizi genişləndirdik. Artıq fəaliyyətə başladığımız tarixdən bizi 23 il ayırır. Bu illər ərzində BAMF beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, nüfuzlu media təsisatları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayan Umud Mirzəyev qeyd etdi ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü olan BAMF, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB) Ali Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvüdür. Bu tədbirlə açılışını etdiyimiz BAMF-nin baş ofisi Beynəlxalq Mətbuat İnstitutunun Bakı regional Təşəbbüs Mərkəzinə, BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsinin postsovet ölkələri üzrə əlaqələndirici funksiyasına, Beynəlxalq Sülh Bürosunun 18 Qərbi Asiya ölkəsində təmsilçiliyinə ev sahibliyi edir.
Fondun sədri dedi ki, bu illər ərzində BAMF milli və beynəlxalq məsləhətləşmələr sayəsində prioritet sahələr üzrə işlərin yerinə yetirilməsində dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq qurumların birgə fəaliyyətinin model prinsiplərinin yaradılmasında mühüm rol oynayıb. Bu baxımdan 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri müəyyənləşdirilərkən xüsusən, müharibədən zərərçəkmiş regionlarda BAMF və tərəfdaşlarının ortaya qoyduğu əməkdaşlıq modeli sosial-iqtisadi, mədəni-humanitar proqramların yerinə yetirilməsi üçün uğurlu bir konsepsiyadır.
Sonra BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək dedi ki, medianın inkişafı sahəsində həyata keçirdiyi işlərə və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Antonius Broek fond ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü BAMF-nin ofisinin açılışı BMT dəyərlərinin təbliği baxımından əlverişli fürsətdir. Azərbaycanda davamlı inkişafın təşviqi və daha çox sosial inteqrasiya, sülh quruculuğu yolunda tərəfdaşlıq bu binanın çətiri altında yeni ideyalarla zənginləşəcək və vətəndaş cəmiyyəti təmsilçiləri BMT və onun agentlikləri arasında əməkdaşlığa yeni üfüqlər açacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək BAMF-nin fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu qurum çoxfunksiyalı təşkilatdır və bu gün bu ofisin açılması Azərbaycan dövlətinin QHT-lərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Lütful Kabir ofisin açılışı münasibətilə beynəlxalq təşkilatların təbrik məktublarını oxudu.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Marda, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Stiven Qaysa BAMF-nin fəxri diplomları təqdim edildi.