Mayın 23-də Heydər Əliyev Mərkəzində Təhil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, “Britiş Amerikan Tobakko” şrkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tələbələri üçün əmək yarmarkası keçirilib.
Trend-in məlumatına görə, yarmarkada işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu, “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri Zviad Şvitaridze, həmçinin 20-yə yaxın ali təhsil müəssisəsinin rəhbəri iştirak ediblər.
Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işə düzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb.
M.Cabbarov qeyd edib ki, tələbələr üçün əmək yarmarkalarının keçirilməsi əsas prioritetlərdən biridir: “Bu günkü yarmarkada 600-dən çox tələbə iştirak edir. Bu yarmarkaların ənənəvi olaraq hər il keçirilməsini planlaşdırırıq”.
O qeyd edib ki, nazirlik sahibkarlarla təhsil müəssisələri arasında əlaqələrin daha yaxşı olmasını istəyir:”Hesab edirik ki, bu əlaqələr gücləndirilə bilər”.
Nazir həmçinin ali məktəb məzunlarına çağırış edərək onları bitirdikləri təhsil müəssisələri ilə əlaqələri gücləndirməyə çağırıb:”Məzunlarla ali təhsil müəssisələri arasında əlaqə sıx deyil. Xüsusilə uğurlu məzunların təcrübələrini bölüşmələri təhsil sistemimiz və cəmiyyət üçün yararlı ola bilər”.
Nazir bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.
M.Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu qeyd edib. Onun sözlərinə görə, sərgidən əwəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və tədbir günündə bu şirkət nümayəndələri ilə namizədlərin görüşləri təyin olunub: “İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər”.
Sonra çıxış edən Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev tələbələrin işlə təmin olunmasına istiqamətlənmiş tədbirlərin təşkilinin vacibliyindən danışıb.
M.Abdullayev bildirib ki, Heydər Əliyev Fondu təhsil ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr həyata keçirib: “Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu yarandığı gündən elm və təhsil sahəsində bir sıra layihələr, o cümlədən, “Təhsilə dəstək”, “Yeniləşən Azərbaycana yeni məktəb”, uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan və onun Azərbaycan üçün prioritet hesab etdiyi sahələrə yönəlik tədbirlərin reallaşdırılmasını əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirən Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri Azərbaycanın sağlam və savadlı gəncinin, gələcəkdə müxtəlif sahələrdə dövlətə və xalqa xidmət edəcək mütəxəssislərin hazırlanmasına dəstək göstərilməsinə yönəlib.”
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi bugünədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirib. Belə ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı, “Sabahın alimləri” 4-cü Respublika müsabiqəsi, IDEA İctimi Birliyinin “Eko Rəsm Gündəliyi” müsabiqəsi, Bakı şəhərinin orta məktəblərindən bütün yaş qruplarından olan məktəblilərinin Mərkəzə ekskursiyalarının təşkili və digər birgə layihələr Heydər Əliyev irsinin öyrənilməsi və gənclər arasında geniş təbliği, onların milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərinin formalaşmasında müstəsna rol oynayib.
Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu və “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri Kaxaber Benidze çıxışlarında sərginin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar.
Sərgidə ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar. Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış olublar.