Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin mayın 21-22-də Latviyada keçirilmiş iclasında qəbul edilmiş Riqa bəyannaməsində əks olunan əsas məqamlara aydınlıq gətirilib.
Trend-in əldə etdiyi məlumata görə, Riqa bəyannaməsinin 3-cü müddəsində qeyd olunur:
“Avropa İttifaqı bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyinə münasibətdə öhdəliyinə sadiqdir”. Yəni, Avropa İttifaqının tərəfdaş dövlətlərdən biri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir. Eyni zamanda bəyanatın 3-cü bəndində 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il ATƏT-in Paris xartiyası, eləcə də BMT nizamnaməsinin prinsip və müddəalarına tam sadiqlik ifadə olunur. 1975-ci il Helsinki Yekun Aktı, Paris xartiyası və BMT nizamnaməsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü, güc tətbiq edərək ərazilərin əldə edilməsini qəbuledilməz hesab edir və ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsbit edir.
Riqa bəyannaməsinin 5-ci maddəsində regionda olan münaqişələrin ən tez zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. ATƏT-in Minsk Qrupunun, eləcə də prezidentlər səviyyəsində olan səylərinə və 2009-cu ildən qəbul olunmuş qətnamələrinə tam dəstək ifadə olunur. 2009-cu ildən etibarən ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmiş qətnamələrdə isə əsasən mövcud status kvonun qəbuledilməzliyi vurğulanır. Mövcud status kvonun əsasını isə işğal və təcavüz təşkil edir. Onun dəyişdirilməsi üçün ilk növbədə işğal və təcavüz aradan qaldırılmalıdır.
24-cü bənddə Azərbaycanda ilk dəfə olaraq keçiriləcək Bakı Avropa Oyunlarının əhəmiyyəti vurğulanır.
28-ci bənddə Cənub Qaz dəhlizinin həyata keçirilməsində və Cənub Qafqaz boru kəmərinin genişlənməsində və eləcə də TAP və TANAP layihələrinin icrasında Azərbaycanın rolu vurğulanır.