“Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatların ittihamlarına Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi əsl cavabdır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb”.
Trend-in məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) binasının açılışı ilə bağlı keçirilən mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, BAMF kimi uğur qazanan bir neçə təşkilatımız var. Qeyri-hökumət təşkilatlarımız, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərirlər.
Prezidentin köməkçisi bildirib ki, bu gün Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlıq edilir, bu əməkdaşlıqdan biri də vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi sahəsindədir.
Ə.Həsənov deyib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir ki, Azərbaycanda səmərəli fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu gün BAMF kimi Azərbaycanda 3 500 təşkilat fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir: “Təməli Heydər Əiyev tərəfindən qoyulmuş vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”.
Qeyd edək ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ofisin açılış lentini Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu kəsib. Daha sonra ofisə baxış keçirilib.