“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqada keçirilən sammitində Avropa İttifaqına üzv olan dövlətlərlə proqrama üzv olan dövlətlər arasında əməkdaşlığın indiyə qədərki vəziyyəti və perspektivləri ətrafında böyük və geniş fikir mübadiləsi aparıldı”.
Bu barədə Trend-ə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, sammitdə iştirak edən bütün dövlətlərin nümayəndələri çıxış etdi və hər kəs öz fikrini bildirdi, nəticədə isə burada birgə bəyannamə qəbul edilməli idi:
“Biz də burada çıxışdan sonra ümumiyyətlə bildirdik ki, biz o birgə bəyannamədən, onun ruhundan, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığa yanaşmasından, ona verdiyi qiymətdən, Azərbaycanın problemləri ilə bağlı Avropa İttifaqının mövqeyindən narazıyıq, ona görə də bu sənədlə bağlı bizim güclü iradlarımız var. Bu iradlarla bağlı orada müəyyən qədər gərginlik yarandı və buna Avropa İttifaqının bütün rəhbərləri və orada olan dövlət rəhbərləri də qarışdı. Bu birgə bəyannamə ilə bağlı xüsusi mövqeyimizi bildirəcəyik. Bu mövqe isə bizim o narazılığımızı əks etdirən məqamları ifadə edən mövqedir. Belə bir şey edildi. Ondan sonra birgə bəyannamə qəbul edildi”.