Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən “qəhrəman polis” adlandırılan polis əməkdaşı Elvin Abışovu və ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən fotomüxbir Orxan Əzimovu qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidməti və vətəndaşlıq borclarını layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkür edən nazir cənab Prezidentin tapşırığı ilə fərqlənmiş əməkdaşların dövlət təltiflərinə təqdim olunacaqlarını, eyni zamanda, onların mükafatlandırılması barədə müvafiq əmrlər imzaladığını bildirib.
Daxili işlər naziri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə “Report.az” İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimova Daxili İşlər Nazirliyinin “Fəxri fərmanı”nı da təqdim edib.