Mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti öncəsi Latviya Prezidenti Andris Berzinş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Avropanın bir neçə ölkəsinin keçmiş rəhbərini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr arasında əməkdaşlıq imkanları, bu istiqamətdə atılacaq olan konkret addımlar müzakirə edilib.
Müzakirələr zamanı Latviyanın sabiq Prezidenti Valdis Zatlers “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrə dəstək göstəriləcəyini vurğulayıb. O bildirib ki, Latviya Avropa Birliyi Şurasına sədrliyi dönəmində “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrlə münasibətlərin genişləndirilməsinə öz töhfələrini verdi və bu proses gələcəkdə də davam edəcək: “Bu ölkələrin əksəriyyəti bizim qonşularımızdır, ancaq 50 illik ortaq tarixi bağlar bizə imkan verir ki, Avropa Birliyi ilə şərq qonşularımız arasında daha sıx əlaqələr quraq”.
Görüş iştirakçıları sonuncu Şərq Tərəfdaşlığı Sammitindən keçən müddət ərzində bu sahədə problemlərin yaranması ilə razılaşıblar”.
Latviya Prezidenti bu məsələnin hər bir ölkənin fərdi öhdəlikləri və apardığı iqtisadi islahatlarla yanaşı, eyni zamanda əməkdaşlıq etmək istəyindən də asılı olduğunu vurğulayıb. Andris Berzinş bəyan edib ki, Latviya hər zaman bu istiqamətdə sabiq dövlət və hökumət başçılarının təcrübəsi, eləcə də uzun illər ərzində qazandığı biliklərin istifadə edilməsində maraqlı olub və olacaq.
Latviya Prezidenti Andris Berzinşlə görüşdə bu ölkənin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, həmçinin Mərkəzin üzvləri, eks-prezidentlər – Valdis Zatlers (Latviya), Boris Tadiç (Serbiya), Emil Konstantinesku (Rumıniya), Danilo Turk (Sloveniya), Petar Stoyanov (Bolqarıstan), Recep Meydani (Albaniya), Viktor Yuşşenko (Ukrayna) iştirak edib. Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya da Andris Berzinşlə görüşə qatılanlar arasında olub.
Qeyd edək ki, sabiq liderlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Avropa Birliyi və Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Riqaya toplaşıb.