“Azərbaycan müsəlman ölkəsidir və Bakıda müxtəlif dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Burada məscidlər sinaqoq və kilsələrlə qonşuluq edir”.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin deputatı, Parisin VII rayonunun meri Raşida Dati Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Xanım R.Datinin sözlərinə görə, Azərbaycan xalqı mədəniyyəti ilə fəxr edir, ölkə hakimiyyəti isə mədəniyyəti milli qürur mövzusuna çevirib.
O, qeyd edib ki, məhz mədəniyyət sivilizasiyalar arasında körpü rolunu oynayır və hazırda Azərbaycanın bu sahədəki fəaliyyəti Avropanın maraqlarına xidmət edir.
R.Dati Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu xüsusilə vurğulayıb: “Heydər Əliyev Fondu Fransada dini abidələrin və mədəni irs obyektlərinin bərpası ilə məşğul olur və bununla da iki ölkənin xalqlarının yaxınlaşması prosesinə böyük töhfə verir. Biz Azərbaycan diplomatiyasını nümunə hesab edirik və təhlükəsizlik naminə mədəniyyətlərarası dialoqun aparılması bütün dünyanın maraqlarına xidmət edir”.