Bakıda müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu müzakirə olunub

Bu gün Bakıda “Dialoq transformasiya vasitəsi kimi” plenar iclası ilə öz işini davam etdirən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Zorakı ekstremizmə qarşı mübarizə: dini plüralizmin təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzusu müzakirə edilib.
Trend-in məlumatına görə, forumda “BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə baş tutan iclasa qurumun ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser sədrlik edib.
Ekstremizmin və terrorçuluğun qarşısının alınmasında dini liderlərin rolu haqqında danışan Al-Nasser bildirib ki, bu gün ekstremizm və terrorçuluq cəmiyyətimizi ciddi narahat edir: “Onlara qarşı mübarizənin aparılmasına baxmayaraq, bu iki anlayış hələ də ləğv edilməyib. Nəyə görə dini liderlərin rolundan söhbət gedir? Çünki bütün dünyada dini liderlər sülh çağırışı edir, münaqişələrin həlli istiqamətində xidmət etdiklərini bəyan edirlər. Belə olduqda dini icmalar bizim fəaliyyətimizin aktiv hissəsini təşkil edə bilər”.
O deyib ki, zorakı ekstremizmin aradan qaldırılması sadə iş deyil: “Ona qarşı mübarizəyə müxtəlif dairələrin qoşulması lazımdır. Buna görə də ölkələr üçün strategiya qəbul edilməlidir. Biz öz iradəmizlə təcrid edilmiş, yardıma ehtiyacı olan təbəqə ilə təmasda olaraq, onlara yardım etməliyik. Zorakı ekstremizm qlobal problemdir və qlobal həll tələb edir. Buna görə də biz əl-ələ verib çalışmalıyıq”.
HR Ofisinin Kabinet rəhbəri Tariq əl-Әnsari bildirib ki, insanlar sülhsevər cəmiyyətlər qurmalıdırlar. Terrorçuluğun səbəblərinin araşdırılmasına xüsusi diqqət yetirdiklərini deyən əl-Әnsari deyib ki, terrorçuluğun qarşısını almaq üçün gənclərin inkişafi, təhsili təmin edilməli, media ilə əlaqələr qurulmalıdır: “Gənclərə elə bir təhsil verilməlidir ki, onlar mədəni hüdudları aşaraq digər insanlarla yaşaya bilsinlər. Biz təhsili təşviq etmək istəyiriksə, məktəblərə öz mesajlarımızı çatdırmalıyıq”.
O, qeyd edib ki, insanların bir ölkədən digər ölkəyə miqrasiyası da bu sahədə mənfi rol oynayır: “Belə ki, miqrasiya ideyaların bölüşdürülməsinə imkan versə də, insanlar bəzən islamofobiya, ksenofobiyanın olduğu ölkələrə üz tuturlar. Bu baxımdan iş apararaq belə miqrasiyaların qarşısı alınmalıdır”.
Nigeriyadan olan ABUJA baş yepiskopu Kardinal Con Onaiyekanın sözlərinə görə, ekstremizmin və terrorçuluğun qarşısının alınmasında dini liderlər səfir rolunu oynaya bilərlər: “Onlar öz dini icmalarına sözlərini asanlıqla çatdıra bilərlər. Dini liderlər bunu qavradıqda, sülh səfirləri olaraq bu fikirləri çatdıra bilərlər. Çox vəsaitə qənaət edərək bu mərama çatmaq olar. Bizim hər birimiz uşaqlarımıza sülh mədəniyyətini uşaqlıqdan öyrətməliyik. Çünki ekstremizmin və terrorçuluğun qarşısının alınmasında valideynlərin və müəllimlərin də üzərinə müəyyən vəzifə düşür”.
Kardinalın sözlərinə görə, dini boşluq əməl gələndə, hər hansı dini icmanın fəaliyyəti məhdudlaşdırılanda bu sahədə boşluq yaranır: “Buna görə də dini liderlər dini sahədə boşluğun yaranmamasına diqqət yetirməlidirlər. Dini liderlər öz ibadətlərində mütəmadi olaraq sülhü insanlara xatırlatmalıdırlar. Belə olan təqdirdə onlar da bunu öz övladlarına catdıra bilərlər. Dini liderlər bu gün ön cərgədə olmalıdırlar. Dini boşluq olanda cəmiyyətdə düzgün olmayan münasibətlər yaranır”.
Fransadan olan Avropa Kilsələr Konfransının vitse-prezidenti Metropolitan Emmanuel isə bildirib ki, məhz dialoq vasitəsilə insanlar arasında sülhə, əmin-amanlığa, tolerantlığa nail olmaq mümkündür: “Dialoq hazırkı zamanın tələbidir. Məhz bu baxımdan Bakı prosesini çox yüksək dəyərləndirirəm”.
M.Emmanuel qeyd edib ki, bu gün bəzi hallarda din adı altında cinayətlər törədilir: “Amma din adı altında törədilən cinayət dinə qarşı törədilən cinayətdir. Terrorçunun dini yoxdur”.
Sülh Naminə Dinlər Birliyinin baş katibi Viliam Vendley deyib ki, onun rəhbərlik etdiyi təşkilatda 90-a yaxın ölkənin nümayəndəsi təmsil olunur. Birgə müzakirələr zamanı ortaya çıxan ilk məsələ dini ekstremizm olur: “Dini ekstremistlər insanları sanki öz caynağına alır. Biz bunları öz dini icmalarımız daxilində müzakirə edib neqativ halların aradan qaldırılması yollarını müəyyənləşdirməliyik. Dinin düzgün olmayan formada təfsir edilməsinin qarşısı alınmalıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO