Milli Məclisdə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı dinləmələr keçirilir

Bu gün Milli Məclisdə Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı artan qarayaxma kampaniyası və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmə cəhdlərinə həsr olunmuş dinləmələr keçirilib.
Trend-in məlumatına görə, dinləmələrdə millət vəkilləri, QHT və KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Oyunları Azərbaycanın böyük uğurudur: “Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür”.
A.Quliyev qeyd edib ki, Azərbaycan bu Oyunları keçirməyi xoş niyyətlə öz üzərinə götürüb: “Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var”.
Ötən gün Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə gəlincə, A.Quliyev deyib ki, onların bütün iddiaları əsassızdır: “Deyirlər ki, niyə Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə qadağa qoyur? Amma halbuki Avropa Oyunlarında iştirak etmək üçün 1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar Azərbaycana gələcəklər. Yəni buradan aydın olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi kimi qələmə verir”.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə qeyd edib: “Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər”.
V.Ələsgərov bildirib ki, bu, hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir: “Son zamanlar Ələkrəm Hümbətov kimi alçaq, vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Belə bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir”.
O vurğulayıb ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur: “Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, tənqid, tərif etməsi üçün yetərli platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. Hər kəs də bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi şəkildə ən alçaq formada həyata keçirirlər”.
V.Ələsgərov əlavə edib ki, ölkəyə qarşı bu qədər kampaniyaların keçirilməsi Azərbaycanın nə qədər qüdrətli olmasından xəbər verir.
Daha sonra çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Avropada insan hüquqları ilə bağlı bir sıra faktlardan misallar gətirib. O, qeyd edib ki, Avropa ölkələrində həm də dini və irqi ayrı-seçkilik zəminində cinayət halları artır: “Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə İslam, yəhudi dinindən olanlar, eyni zamanda, qaradərililər ayrı-seçkiliyə məruz qalırlar”.
A.Həsrət bildirib ki, misal üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbiristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı: “Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum nəticəsində 4 nəfər öldürülmüşdü. 2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü. Avropa İttifaqı Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Briyaniya kimi ölkələrdə rəyi soruşulanların 75 faizi antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50 faiz təşkil edib. Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur”.
O, qeyd edib ki, ən dəhşətlisi isə odur ki, kiçik uşaqların zorla ailəsinin əlindən alınması Avropada getdikcə adiləşir: “Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən alınır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Misal üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu – “Jugendamt” 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır”.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev bildirib ki, Azərbayana qarşı aparılan bu kampaniyanın arxasında iki məqsəd durur: “Azərbaycanı müstəqil siyasətindən sapdırmaq və Dağlıq Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etməkdir. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya dedikdə, lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olduğunu qeyd edə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb”.
Ə.Nuriyev deyib ki, elə Avropa təşkilatlarının araşdırmalarına əsasən Avropa ölkələri hər il korrupsiyadan 320 milyard avro itirir. O vurğulayıb ki, Azərbaycan korrupsiyaya qarşı daim mübarizə aparır və bunun nəticələrini hər gün görürük: “Buna misal olaraq, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi, “ASAN xidmət” yaradılıb və BMT “ASAN xidmət”i ən ali mükafatına layiq görüb”.
Daha sonra çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkli kampaniya aparırlar.
O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: “Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup isə sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır”.
S.Məmmədov bu cür təşkilatlardan nümunə də göstərib: “Misal üçün, Çexiyanın PİN təşkilatı. Bu təşkilat 1988-ci ildə zəlzələdən sonra tələbələr tərəfindən yaradılıb. 1992-ci ildə Xankəndində hospital təşkil edib və tərəfkeşlik edərək yalnız erməniləri müalicə ediblər. 1992-ci ildə erməni əsrliyindən azad olunmuş şəxslərin verdiyi məlumatlardan məlum olur ki, bu təşkilatın əməkdaşları azərbaycanlı əsrlərə qarşı hərbi cinayətlərdə iştirak ediblər. Belə məlumatlar da çoxdur ki, bu hospital insan orqanlarının alveri ilə məşğul olub və bunun qurbanları da azərbaycanlı uşaqlar olub. Belə cinayətlərlə məşğul olan bu təşkilat indi Azərbaycanda insan hüquqlarından danışır”.
Deputat Asim Mollazadə isə vurğulayıb ki, xarici mediada Azərbaycana qarşı 4500-ə yaxın məqalə yazılıb: “Bunlar təkcə insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək üçün nə imkanları varsa, ondan istifadə edirlər. Bunun da səbəbi beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Qərb ölkələrindən gələnlər Azərbaycandakı inkişafı görüb bu kampaniyanın yalan olduğunu görürlər”.
A.Mollazadə bildirib ki, Azərbaycana qarşı kampaniya aparanlar beynəlxalq erməni təşkilatlardır.
Onun sözlərinə görə, vaxtilə “Human Rights Watch” təşkilatının azərbaycanlı əsirlərin orqanlarının ermənilər tərəfindən çıxarılması ilə bağlı hesabatı var idi, lakin sonradan bu hesabatlar bütün saytlardan yığışdırıldı: “Çünki həmin təşkilatın tərkibinə ermənilər daxil olub. Təklifim odur ki, biz Avropada da iş aparmalıyıq və onları yerində ifşa etməliyik”.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Avropada neçə müddətdir ki, korrupsiya faktlarından yazırlar: “Dünən isə Avropa Parlamentində aparılan dinləmələrdə Ermənistanla bağlı heç bir fikir demədilər. 100 ildir ki, ermənilərə qondarma “soyqırım” kampaniyasını aparmağa şərait yaradıblar. Təklif edirəm ki, Avropada nüfuzlu beynəlxalq təşkilatlara bizim QHT-lərin adından müraciət göndərilsin. Xarici mətbuatda bu məsələlər işıqlandırılsın”.
M.İbrahimqızı vurğulayıb ki, Avropanın müxtəlif paytaxtlarında da bu cür tədbirlər davam etdirməlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO