Bu gün “Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası” “Antiazərbaycan qüvvələr: olduqları və göründükləri kimi” mövzusunda “dəyirmi masa” keçirib.
Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, artıq Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı antiazərbaycan kampaniyası genişlənir: “Dünən də bu mövzuda ABŞ-ın bəzi qurumları məkrli siyasətlərini davam etdirdilər. Biz qərara gəldik ki, onların adını açıqlamalıyıq və koalisiya üzvlərinin bu məsələdə fikirlərini öyrənməliyik”.
Daha sonra “Qərb ölkələrində aparılan antiazərbaycan kampaniyasının səbəbləri və mahiyyəti mövzusunda” çıxış edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, artıq xeyli vaxtdır bəzi xarici mətbu orqanlarda qarayaxma kampaniyası çərçivəsində yazılar dərc olunur: “İlk Avropa Oyunları Azərbaycanda keçirildiyinə görə onun standartları da burada məlum olacaq. Bu Oyunlar dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edənlərin ölkəmizi tanımasına, həmçinin ölkəmizin iqtisadi inkişafının təbliğinə imkan yaradacaq. Bununla yanaşı, erməni diasporunun ölkəmiz haqqında apardığı yalan məlumatları ifşa edəcək”.
E.Mirzəbəyli qeyd edib ki, Ermənistan və onun dəstəkçiləri yaranmış vəziyyətdən istifadə edərək I Avropa Oyunlarının keçirilməsindən ölkəmizə qarşı qarayaxma kampaniyası kimi istifadə edirlər.
O deyib ki, bu hücumların daha bir səbəbi isə I Avropa Oyunları ərəfəsində ölkəmizi nüfuzdan salmağa çalışmaqdır: “Bu prosesin arxasında duranlar Ermənistan, erməni diasporu və onların dəstəkçiləridir”.
E.Mirzəbəyli, həmçinin ABŞ dövlət katibi Con Kerriyə ünvanlanmış məktuba imza atan şəxslərin kimliyi barədə də məlumatlar verib.
Daha sonra “Sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı beynəlxalq təcrübədə: prinsiplər və reallıqlar” mövzusunda çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Avropa ölkələrində və ABŞ-da bu prinsiplərə heç də əməl olunmur. O, qeyd edib ki, bu ölkələrdə proporsionallıq pozulur.
O, qeyd edib ki, Avropa məkanında toplaşma azadlığı tam təmin olunmayıb: “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxarkən toplaşma azadlığı ilə bağlı Avropada çoxlu sayda problemlərin olduğu aşkarlanır, lakin Avropa Məhkəməsinin Azərbaycana qarşı toplaşma azadlığının pozulması ilə bağlı hər hansı bir qərarı yoxdur”.
S.Məmmədov bildirib ki, ABŞ-ın özündə Konqresin söz azadlığını qadağan edən qanun qəbul etmək səlahiyyəti olmadığına görə bu məsələ ştatlara həvalə edilib.
Onun sözlərinə görə, toplaşmaq üçün bəzi ştatlarda 45, bəzi ştatlarda isə 15 gün əvvəlcədən ərizə vermək lazımdır və orada da icazə verməmək üçün çoxlu səbəblər var: “Eyni zamanda, marşrut və insanların sayı dəqiq göstərilməlidir”.
S.Məmmədov deyib ki, xırda bir texniki səhv icazə verməkdən imtina etməyə səbəb ola bilər: “ABŞ-da toplantıların dağıdılması zamanı istifadə edilən vasitələr dünyada qadağan olunan vasitələrdir və ATƏT və digər təşkilatların qəbul etdiyi standartlara uyğun gəlmir”.
Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanda isə bu prosedur çox sadədir və bir müraciətlə başa gəlir: “Azərbaycan qanunvericiliyində birləşmək üçün hökumətdən icazə tələb olunmur. Hər kəs əvvəlcədən birləşə və ictimai təşkilat yarada bilər. Yalnız birləşəndən sonra qeydiyyatdan keçmək üçün hökumətə müraciət etmək lazımdır. Bu prinsip indiyə qədər qorunub saxlanılır”.
S.Məmmədov, həmçinin qeyd edib ki, ləğv olunan QHT-lərin sayına görə Azərbaycan Avropadan və MDB ölkələrindən daha yaxşı göstəricilərə malikdir: “Son 20 ildə Azərbaycanda cəmi 2 təşkilat ləğv olunub. Lakin Avropa dövlətlərində və digər ölkələrdə bu göstərici daha yüksəkdir”.
Onun sözlərinə görə, Azərbaycanda mətbuatın qeydiyyat rejimi yoxdur: “İstənilən fiziki və ya hüquqi şəxs xəbərdaredici ərizə göstərməklə mətbuat orqanı yarada bilər. Lakin Avropada heç də belə deyil, bir çox ölkələrdə mətbuat orqanı yaratmaq üçün qeydiyyat var, rüsum var”.
S.Məmmədov Azərbaycanda mətbuata dövlət dəstəyindən də danışıb. O, qeyd edib ki, Azərbaycanda hakimiyyəti sərt tənqid edən mətbuat orqanları da hökumətdən maliyyə yardımı alır.
Daha sonra “İşğalçı dövlətlərə və separatçı rejimlərə münsibətdə ikili standartlar geostrateji maraqların təzahürü kimi” mövzusunda çıxış edən “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz deyib ki, Rusiya və bir çox təşkilatlar Azərbaycan və yeni yaranmış dövlətlərə təsir göstərmək gücündədirlər: “Əsas məqsəd isə özlərinə tabe etdirməkdir. Onlara tabe olmaq istəməyən ölkələrdə aranı qarışdırmaq və hətta orada “narıncı inqilab” yaratmaq istəyirlər. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var, həmçinin Krımın işğalı ilə bağlı 4 qətnamə qəbul edilib. Krımla bağlı sanksiyalar tətbiq edilsə də, Ermənistana qarşı bu olmadı”.
İkili standartların beynəlxalq təşkilatlar tərəfindən də sərgiləndiyini deyən Y.Oğuz bildirib ki, onlar istəyir ki, Azərbaycan sıxışdırılsın: “Əgər kimsə ölkədə qarşıdurma yaradırsa, ona ABŞ və digər ölkələr sığınacaq verirlər. Onlar Azərbaycanın müstəqil siyasət yeritməsi ilə razılaşmaq istəmirlər. İkili münasibət olacaqsa, Azərbaycan heç bir təşkilata, tərəflərə, bloklara qoşulmur və qoşulmayacaq. Çünki Azərbaycan ikili standartlarla barışmaq istəmir. Avropa İttifaqında da bu gün problemlər var. Ola bilər, Aİ bu gün özünün problemi ilə üz-üzə qalsın. Hətta bəzi dairələrdə onun parçalanmasını istəyənlər də var”.
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, Azərbaycan qısa vaxt ərzində I Avropa Oyunları ilə bağlı çox böyük işlər görməyə başlayıb: “Azərbaycanda media və söz azadlığı ilə bağlı da xeyli işlər həyata keçirilib. ABŞ-da hələ də ölüm hökmü qüvvədədir. Belə olan halda Azərbaycana qarşı hansısa iradlar bildirməyə haqları yoxdur. Onların tələb etdikləri şeylər heç onların özündə yoxdur və ümumiyyətlə, bunu həyata keçirmək imkanı belə yoxdur. Lakin bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı belə bir iddialar irəli sürülür. Faktiki olaraq, Azərbaycanda mətbuatla, söz azadlığa ilə bağlı mükəmməl qanunvericilik bazası var. Azərbaycanda söz azadlığı sahəsində kifayət qədər müsbət işlər görülüb”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, Azərbaycana qarşı olan təşkilatlar – NED və digərləri bilməlidir ki, Azərbaycanda demokratiya var: “Buna misal olaraq, elə ən azı müxalifət ayda 3 dəfə, hətta Əli Kərimli 5 dəfə mitinq keçirir. Bunu görmürlər?”
O deyib ki, QHT rəhbərləri bu təşkilatların ünvanına ermənipərəst mövqedə olduqlarına dair bəyanat göndərəcəklər: “Biz onlara demək istəyirik ki, onların bu mövqeyi qərəzlidir. Onlar bu günədək Azərbaycana qarşı islamofobiya adı altında kampaniya aparıblar. Buna layiqli cavab vermək lazımdır”.
Digər çıxışçılar da qərb dövlətlərinin Azərbaycanla münasibətdə ikili standart yürütdüyünü bəyan edib. Qeyd edilib ki, antiazərbaycan kampaniyasının təşkilatçıları haqlı olduqlarını düşünürlər. Belədirsə, o zaman BMT-nin qəbul etdiyi qətnaməni yerinə yetirsinlər.
Çıxışçılar bildiriblər ki, Azərbaycan demokratik dövlətlərdir və onlar milli dövlətçiliyin tərəfindədirlər.