Azərbaycanın Efiopiyadakı Səfiri Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının Sədri xanım Nkosazana Dlamini Zumaya təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi nümayəndəsi E.Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının Sədri xanım Nkosazana Dlamini Zumaya təqdim edib.
Afrika İttifaqı Komissiyasının sədri ilə keçirilən görüş zamanı humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edildi və bu əməkdaşlığın yeni müstəviyə qaldırılması üçün böyük potensialın mövcud olduğu qeyd olunub.
Azərbaycanın Daimi nümayəndəsini təbrik edən xanım Zuma rəhbərlik etdiyi təşkilatın Azərbaycanla müxtəlif sahələrdə münasibətlərin inkişafına önəm verdiyini vurğulayaraq, Afrika ilə Azərbaycan arasında əməkdaşlığın əsasının illər öncə qoyulduğunu bildirib.
Səfir E.Abdullayev Azərbaycanın Afrika ölkələri ilə həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində təmaslarının ildən ilə artdığını qeyd edərək, ölkəmiz tərəfindən Afrika qitəsində əhəmiyyətli humanitar layihələrin həyata keçirildiyini onun diqqətinə çatdırıb.
Görüşdə Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyi və bu il ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi qeyd olunub.
Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zuma Azərbaycan Səfirliyinə fəaliyyətində uğurlar arzulayıb.