Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğüzar elitaya ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı ünvanladığı çağırışı rəhbər tutaraq, “Union Grand Energy PTE” Şirkətlər qrupunun təsisçisi və sahibi Anar Əlizadə Bakıda gənclərin biznes ideyalarına dəstək verən “Baku Business Factory” (BBF) adlı yeni layihəyə start verib. Trend xəbər verir ki, bu haqda Anar Əlizadə öz şəxsi veb səhifəsində məlumat yayıb.
BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək kreativ biznes ideyaları olan gənclərə layihələrinin ilkin mərhələsində peşəkar dəstək göstərməklə, bu layihələrin daha sürətlə həyata keçməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaratmaqdır.
BBF-nin yaradılmasının zəruriliyi barədə söz açan Anar Əlizadə qeyd edib: “Son zamanlar ölkəmizdə gənclərin təşəbbüsü ilə xeyli yeni biznes layihələri yaradılır. Lakin bu biznes layihələrinin böyük hissəsi fəaliyyətini davam etdirə bilmir. Buna səbəb kimi idarəçilik və marketinq sahəsindəki təcrübənin yetərincə olmamasını, maddi-texniki bazanın zəifliyini, investisiya azlığını, komandanın təşkilatlanmasındakı çətinliklər və digər bu kimi amilləri göstərmək olar. Nəticə etibarilə, gənclərimiz ağıllı və yaradıcı biznes ideyaları ilə çıxış etsələr də, bu kimi səbəblər onların uğur qazanmasına mane olur. Gənclərimizin uğurlu biznes qurmasına istər şərait yaratmaq, istərsə də birbaşa dəstək göstərmək məqsədilə son illərdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı tədbirlər həyata keçirir. Bu tədbirlərin reallaşdırılması və Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurlu biznes quran gənclərin sayı günü-gündən artır. Biz də işgüzar elita təmsilçisi olaraq, Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin biznes ictimaiyyətinə ünvanladığı ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı çağırışını rəhbər tutaraq BBF-ni təsis etmək qərarına gəldik. İnanırıq ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayətdir. Biz də bu şansın yaradılmasına dəstək olmaq və uğurlu təcrübəmizi onlara ötürməyə çalışacağıq”.
BBF fəaliyyətini 2 struktur bölmədə həyata keçirəcək.
Bölmələrdən birində – Startap Laboratoriyasında qəbul olunmuş startaplara layihənin mürəkkəbliyindən və gəlirliliyindən asılı olaraq müəyyən vaxt veriləcək. Bu müddət ərzində startaplar BBF-dən ofis və ofis avadanlıqları, yerli və xarici ekspertlər tərəfindən mütəmadi keçiriləcək biznes və menecment təlimləri, İT xidmətlərini pulsuz olaraq əldə edəcəklər. Əvvəlcədən müəyyən olunmuş vaxt ərzində özünü doğrultmuş nümunəvi startaplar BBF-dən investisiya almaq imkanı da əldə edə biləcəklər.
Digər bölmə olan Kovörkinq Mərkəzində (Сo-working center) isə əsasən frilanserlər (proqramçılar, tərcüməçilər, dizaynerlər və s.), kiçik biznes və layihələrin nümayəndələri öz fəaliyyətləri üçün ortaq məkandan istifadə edə biləcəklər. Zahiri görünüşü baxımından Kovörkinq Mərkəzi adi ofislərdən az fərqlənir. Əsas fərq burada fəaliyyət göstərəcək insanların bir-birindən heç bir asılılığın olmamasıdır. Təşkilatın ofisi öz görkəmi ilə də fərqlənir. Ofisdə iş və istirahət üçün, əsasən də, burada fəaliyyət göstərəcək startaplar, kiçik bizneslər və frilanserlərin özlərini tam sərbəst hiss etmələrinə hər cür şərait yaradılıb: burada fərqli dizaynda iş zalları, konfrans otaqları, istirahət və oyun otaqları, mətbəx, yüksək sürətli internet, telefon, resepşn xidməti və ofis üçün lazım olan digər avadanlıqlar mövcuddur.
“Baku Business Factory” haqqında ətraflı məlumatla http://bbf.az saytında tanış ola bilərsiz