Elmira Tariverdiyeva – Trend:
ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə tərəfləri bu ilin sonuna prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini fəallaşdırmağa çağırıblar.
Vaxtında edilmiş çağırışdır, çünki son vaxtlar danışıqlarda mediatorların fəallığı azalmışdı. Status-kvonun saxlanılmasına tam qane olan Ermənistan belə vəziyyətdən yalnız qazanacaq. Əgər heç kəs səndən fəaliyyət göstərməyi tələb etmirsə, özgə torpaqların işğalını cəzalanmadan davam etdirmək olar. Lakin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daim toqquşmalar baş verir, insanlar həyatlarını itirir ki, bu da bütün regionun təhlükəsizliyinə ciddi təhdid törədir. Ötən il münaqişənin gərginləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlar prosesinə Minsk qrupunun həmsədr ölkələrinin bütün liderləri dərhal qoşulduğu halda, 2015-ci ildə bu mövzu yalnız Fransa Prezidenti Fransua Ollandın regiona səfəri zamanı müzakirə edildi.
Bu arada, Dağlıq Qarabağ qarşıdurması narahatlıq üçün ciddi əsasdır, çünki tez-tez edilən bəyanatlara baxmayaraq, bu, dondurulmuş deyil, istənilən an yeni güclə alovlana biləcək münaqişədir.
Həmsədrlərin son bəyanatında daha vacib bir siqnal separatçı Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” ilə bağlı bənd oldu. Həmsədrlər qeyd etdilər ki, bu aksiyanı dünyada heç bir ölkə tanımır.
Bəyanatda bildirilir: “Üç həmsədr ölkədən heç biri, ya da başqa bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, biz bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edən nəticələr kimi tanımırıq və qeyd edirik ki, bu, Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələni və ya cari danışıqların gedişatını qabaqcadan heç bir şəkildə təyin edə bilməz”.
Bu, ayrı-ayrı ölkə XİN-lərinin separatçıların hər hansı seçkilər keçirməsinin qanunsuzluğu və bu rejimin qeyri-legitimliyi barədə çoxsaylı bəyanatlarından sonra yekun ismarıc oldu. Həmçinin, Yerevan üçün beynəlxalq ictimaiyyətin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verməkdən heç vaxt imtina etməyəcəyi barədə vacib məlumat oldu. İşğalçı ölkə isə bunun əksinə ümid edir.
Minsk qrupunun bəyanatının növbəti protokol kağızı olmaması, eləcə də siyasətçilər və dünya ölkələrinin sıravi vətəndaşlarının Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi – Dağlıq Qarabağdakı real vəziyyəti başa düşmələri çox vacibdir.