Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilmişdir. Bu mötəbər tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr edilmişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova konfransda çıxış edərək, qonaqları salamlamış, Almaniya, Türkiyə, Rusiya, Makedoniya və Azərbaycanı təmsil edən, beynəlxalq miqyasda tanınmış hüquqşünas alimlərinin, ekspertlərin birgə səyləri ilə təşkil olunmuş konfransın işinə uğurlar arzulamışdır. Ombudsman Ulu öndər Heydər Əliyevin müstəqil, demokratik Azərbaycan dövlətinin bünövrəsini yaratmasını və bu dövləti inkişaf etdirməsini onun xalqımız qarşısında ölçüyəgəlməz xidmətlərindən olduğunu qeyd etmişdir. Heydər Əliyev elə bir zirvə, elə bir şəxsiyyətdir ki, onun xidmətlərindən danışdıqca bitməz. Azərbaycan xalqı Ümummilli liderin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyir.
Bu gün məhz Azərbaycan nəinki regionda, həm də bütün dünyada iqtisadi inkişaf templərinə görə liderlər sırasında özünü təsdiqləmişdir. Ölkəmizdə yoxsulluğun səviyyəsi minimum həddə, işsizliyin səviyyəsi 5 faizə endirilmiş, geniş iqtisadi və sosial proqramlar həyata keçirilməkdədir. Bütün bu uğurların dünyanı siyasi və iqtisadi qlobal böhran bürüdüyü, erməni təcavüzünün 25 ildən çox müddətdə davam etdiyi, torpaqlarımızın beşdə bir hissəsinin zəbt olunduğu, 9,5 milyonluq əhalimizin bir milyon nəfərinin qaçqın və məcburi köçkünə vəziyyətində yaşadığı bir vaxtda qazanıldığını düşünəndə, yenə də ölkəmizin hərtərəfli, davamlı inkişafına start verən qüvvəni Heydər Əliyevin simasında görürük.
Müvəkkil Ulu öndərin ölkəmizi 90-cı illərin əvvəllərindəki siyasi və iqtisadi böhrandan, ağır vəziyyətdən çıxardığını və davamlı inkişaf yollarını göstərdiyini diqqətə çatdırmışdır. Ölkə həyatının bütün sahələrinin inkişafının onun diqqət mərkəzində olduğu və müdrik tövsiyələrindən bəhrələndiyi bildirilmişdir. Hər hansı bir sahəyə nəzər salsaq, onun özülündə Heydər Əliyev uzaqgörən strategiyalarını, konseptual yanaşmasının bəhrəsinin görərik. Respublikamızın neft sənayesinin bütün nailiyyətləri, o cümlədən “Əsrin müqaviləsi”nin imzalanması məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsləri ilə bağlıdır. Ümummilli liderimizin ölçüyəgəlməz diqqəti və qayğısı sayəsində neft sənayemiz sürətlə inkişaf etmişdir və onun neft strategiyası sahəsində də məqsədyönlü fəaliyyəti uğurla davam etdirilir.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan enerji mənbələri üzrə dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istismara verilməsi region ölkələrinin tərəqqisi ilə yanaşı, bizim iqtisadi gücümüzü, bölgədəki aparıcı mövqelərimizi daha da möhkəmləndirmişdir. Xarici investisiyaların cəlb edilməsi ölkəmizin iqtisadiyyatının, həmçinin qeyri-neft sektorunun dinamik inkişafına, xalqımızın yaşayış səviyyəsinin yüksəlməsinə güclü təkan verəcəkdir.
Heydər Əliyevin insan hüquq və azadlıqlarına xüsusi önəm verdiyini diqqətə çatdıran Müvəkkil Ulu öndərin müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoyduğunu, ölkəmizin artıq 23 ildir ki, bu yolla irəlilədiyini və inkişaf etdiyini vurğulamışdır. Ombudsman qeyd etmişdir ki, insan hüquqları və azadlıqlarının təmin edilməsi onun üçün əsas məsələlərdən idi.
Heydər Əliyev demişdir ki, “bəşər sivilizasiyasını ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının müdafiəsi müasir dünyaya qovuşmağın əsas yoludur”. Azərbaycanda bu sahədə qısa müddətdə əldə etdiyimiz uğurlara gətirib çıxaran yol məhz Heydər Əliyevin cəsarətli, qətiyyətli, ardıcıl addımlarından başlanmışdır.
1995-ci il noyabrın 12-də dövlətimizin tarixində ən mühüm hadisələrdən biri Ulu öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul edilməsi oldu. Bununla da müstəqil, hüquqi, demokratik dövlətimizin təməl prinsipləri qoyuldu. Ən əvvəl artıq insan hüquqları və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edildi. Bu sahədə də əldə olunmuş uğurların nəticələrini üç strateji sənəd təmin etdi.
Müvəkkil respublikamızda insan hüquqları sahəsində ilk proqramın — “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini vurğulamışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 2006-cı ildən həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən prioritet istiqamətlərini müəyyən edir.
1998-ci ildə isə ölüm hökmü ömürlük cəza ilə əvəz edildi. Eyni zamanda ölkəmizin Konstitusiya Məhkəməsi yaradıldı. Bütün bunlar Ulu öndər Heydər Əliyevin apardığı ardıcıl, qətiyyətli siyasətin nəticəsi idi.
Bələdiyyə özünüidarəetmə sistemi təşəkkül tapdı, seçki sistemi təkmilləşdi, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu, milli mətbuatımıza KİV-lərə dövlət qayğısı artırıldı.
Qeyd olunmuşdur ki, 2001- ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasının tam bərabərhüquqlu üzvü olmuş, həmin ilin dekabr ayının 25-də ölkəmiz Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmişdir. Üç gündən sonra–28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, 2 iyul 2002-ci il tarixdə ölkəmizin ilk Ombudsmanı seçilmiş və insan hüquqları sahəsində uğurla fəaliyyət göstərməkdədir.
Ombudsmanın çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
E.Süleymanova konfransa qatılan qonaqları Ombudsman Aparatında görüşə və təcrübə mübadiləsinə dəvət etmişdir.