“Roma Papası Fransiskin Vatikanda erməni katoliklərlə birlikdə keçirdiyi “erməni soyqırımı”na həsr olunmuş liturgiyanın mətni Vatikanın əvvəlki əməllərini davam etdirmək kursuna sadiq olduğunu göstərir”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Roma Papasının “erməni soyqırımı” terminini işlətməsində təəccüblü bir şey yoxdur: “O, Vatikanın və ya öz adından deyil, digər mənbələrə istinadən “erməni soyqırımı”nın olması barədə müxtəlif fikirlər səsləndirə bilərdi. Roma Papası Fransiskin “erməni soyqırımı”nı tanımaqla bağlı liturgiyasındakı moizəsinin mətni tamam fərqli tətbiq edilə bilərdi. O, ermənilərin Yaxın Şərqdə mövcud olmasında xristianlığın rolu barədə bir neçə cümlədən ibarət tezis səsləndirə bilərdi. Yenicə müqəddəs elan etdiyi Qriqor Narekatsi barədə iri tezis salına bilərdi. Bu, onun mətnini daha da ermənilərə yaxınlaşdırardı. Eləcə də katolik erməniləri roluna aid ən azı 2-3 tezis fikir liturgiyanın mətnində özünə yer tapa bilərdi. Katolik erməniləri pravoslav ermənilərlə, eləcə də Yaxın Şərqdəki xristianlarla Vatikan arasında körpü kimi təqdim edə bilərdi. Amma bütün bunların əvəzinə Roma Papası Fransiskin liturgiya zamanı çıxışının mətni siyasi məzmunla yükləndi. Liturgiyada moizənin əsas mahiyyəti bir neçə əsr bundan qabaq başlamış səlib yürüşlərinin ruhunu bu günə daşımaq idi”. M.Əhmədoğlunun sözlərinə görə, əslində, Roma Papası Fransiskin “erməni soyqırımı” barədə səsləndirdiyi fikirlər ermənilərin arzuladığı deyil. O bildirib ki, ermənilər osmanlıların yalnız ermənilərə qarşı “soyqırım” törətdiyini qəbul etdirmək istəyirlər: “Bu halda ermənilər özlərinin müstəsnalığını nümayiş etdirirlər. Fransisk isə Osmanlı dövründəki “erməni soyqırımı” anlayışını demək olar ki, 4 dəfə durulaşdırdı: Osmanlı imperiyasında “soyqırım”a məruz qalanlar siyahısında ermənilərlə yanaşı Suriya katolikləri, assuriyalılar və yunanların da adını çəkir. Fransisk kifayət qədər ziddiyyətli kollaj yaratdı. Erməni, assuriyalı və yunan etnosdursa, Suriya katolikləri dini kateqoriyadır. Bu, artıq 1948-ci il BMT konvensiyasının “erməni soyqırımı”na aid edilməsini hüquqi baxımdan qəlizləşdirir”. M.Əhmədoğlu əlavə edib ki, Roma Papası Fransisk təkcə osmanlılara qarşı deyil, həm də yəhudilərə qarşı cəbhə açdı: “Müasir dövrə ekstrapolyasiya etsək, Roma Papası xristian dünyası ilə müsəlmanlar və yəhudilər arasında ədavətin davamına çağırış etdi. Roma Papasının bu bəyanatı qloballaşma dövründə, Avropanın tən ortasında verildiyi üçün təsirinə görə ən güclü bəyanatdır və bu bəyanatın təsir gücü pozitivlik deyil, neqativlikdir. Bəyanat araqarışdırandır. Qızışdırıcılığa, ədavətə səsləyir. Eləcə də təkcə osmanlılara qarşı deyil, həm də türklərə qarşı yönəlib. 150 il bundan qabaq başlamış ədavətləri müasir dövrə ekstrapolyasiya edir. Ona görə Roma Papası Fransiskin “erməni soyqırımı”na həsr olunmuş liturgiyadakı çıxışını bəşər tarixinin ən mürəkkəb, ən araqarışdıran, ən qızışdırıcı və ən ziddiyyətli bəyanatı adlandırırıq. Liturgiyadan sonra baş verən hadisələrin təhlili göstərir ki, argentinalı keşiş Berqole məhz belə bəyanat verməli imiş. Türkiyə və Azərbaycanda Fransiskdən başqa cür mövqe gözləyənlər səhv yolda imiş. Berqole Argentinada sağ və sol ideyaların kəskin çarpışması dövrünü yaşayıb. Argentinadakı hərbi diktatura üçün dini əsaslar yaradanlardan birisi olub. Hətta öz keşiş yoldaşlarını satıb. Belə mürəkkəb dini və siyasi həyat yaşamış şəxs bu bəyanatı verməli idi”. M.Əhmədoğlu vurğulayıb ki, yəhudilərə qarşı xolokostun təşkilində Vatikanın iştirakına dair xeyli materiallar var: “Roma Papası XII Piyi hətta Hitlerin əlaltısı adlandırırdılar. Vatikandan Almaniyada törədilən xolokostla bağlı arxivlərin açılmasını indi tələb edirlər. Vatikan isə bunu rədd edir. Çünki xolokostda özünün əməlləri görünəcək. Vatikan Roma Papası XII Piyin yəhudilərə kömək edən imicini yaratmaqla məşğuldur. Hər halda yaxın onillikdə belə imic yarada bilməyəcək. Məhz buna görə də arxivlərin açılması anlayışı Vatikan üçün qəbuledilməzdir. Ona görə də Türkiyə prezidenti R.T. Ərdoğanın arxivlərin açılması ideyası Vatikanda müsbət emosiya yaratmır, əksinə qıcıq yaradır. Digər tərəfdən Vatikan özü də Osmanlı dövründə xristianların, o cümlədən ermənilərin Osmanlı imperiyasına qarşı çıxışına dəstək verənlərdən olub. Vatikanın arxivlərinin açılması 1915-ci il hadisələrində də Vatikanın qızışdırıcı rolunu aşkar edəcəkdir”. Politoloqun sözlərinə görə, Roma Papası Fransiskin eyni bəyanatda erməni mövzusundan xeyli kənara gedib xolokostu inkar etməsini açıq şəkildə nümayiş etdirməsi, nasizm və stalinizmi “soyqırım” kimi təqdim etməsi də Vatikanın müasir dövrdə araqarışdıran missiyasına tam uyğun gəlir. Nasizm və stalinizm mahiyyətcə tam fərqli məsələlərdir: “Amma bu gün Almaniya ilə Rusiya və Türkiyənin arasında baş verənlər indi baş verənlərin I Dünya Müharibəsi dövründəkinin tam tərsinə olmasına eyham aydın görünür. Türkiyə iri geosiyasi layihələrin aparıcı iştirakçısıdır. Zaman Türkiyəni yenidən qüdrətli dövlətə çevirə bilər. Bu isə Vatikanın planları ilə üst-üstə düşmür. Ona görə həm I, həm II Dünya Müharibəsində Almaniya Rusiya və Türkiyə münasibətlər sistemini yeni mexanizmlə hərəkətə gətirməklə Türkiyənin iştirakçısı olan geosiyasi layihələrə təsirini sıfıra endirə bilər. Lakin Fransisk Türkiyəni də unutmur. Xolokost məsələsini inkar etməklə o, Vatikanla Türkiyə arasında yəhudilərə qarşı əməkdaşlığın ideoloji bünövrəsini qoymağı təklif edir. Bu niyyətini gizlətmək üçün Rusiya yəhudilərinin nümayəndələri ilə görüşə razılıq verdi. Diqqət çəkən məqam orasındadır ki, Rusiya yəhudiləri Vatikanla əlaqə qurmağa həmişə meylli olublar. Rusiya yəhudilərinin Roma Papası ilə görüş üçün rəsmi müraciət etmələri ilə bağlı ilk məlumat bu ilin yanvar ayında yayıldı. Papa Fransisk ermənilərlə bağlı liturgiyada etdiyi moizənin mahiyyətini bildiyi üçün həmin liturgiyadan iki gün keçməmiş Rusiya yəhudilərinin nümayəndə heyətini qəbul etdi. Onlara isə müsəlmanlara qarşı durmaq üçün xristianlarla yəhudilərin birliyini yaratmaq ideyasını irəli sürdü”. M.Əhmədoğlu həmçinin vurğulayıb ki, Roma Papası Fransiskin moizəsindəki qızışdırıcılıq və konfliktogenlik potensialını təkcə Vatikanın boynuna qoymuruq: “Erməni tarixi konfliktogenlik resursuna söykənən tarixdir. Moizənin mətninin belə alınmasını da katolik ermənilərinin başçısı XIX Nersos Bedrosun və Vatikanda fəaliyyət göstərən erməni kafedrasının əməlinin nəticəsi kimi qiymətləndiririk. Diqqət çəkən məqam ondadır ki, liturgiyadan 3 gün keçməmiş Ukraynanın daxili işlər naziri, milliyyətcə erməni A.Avakov bir qrup ermənidən ibarət nümayəndə heyəti ilə Vatikana səfər etdi və katolik ermənilərin patriarxı XIX Nersos Bedrosla görüşdü. Görünür, Vatikan Ukraynada baş vermiş “Qolodomor” hadisəsini də ermənilərin təhriki ilə “soyqırım” kimi tanıyacaqdır”.