Elmira Tariverdiyeva – Trend:
Azərbaycan bütün müstəqillik illərində davamlı olaraq Qərbin ikili standartları ilə üzləşib. Bu, yeni xəbər deyil və azərbaycanlılar artıq belə hallara öyrəşiblər.
Növbəti dəfə səbəb böyük idman yarışması – Birinci Avropa Oyunları oldu. Belə böyük hadisənin Bakıda baş tutacağı ilə bağlı bircə fakt belə artıq bir çox Qərb siyasətçilərini qıcıqlandırmağa başlayıb.
Bu narahatlıq Vaşinqtondakı bəzi dairələrdən də yan keçməyib – məlum olduğu kimi, KİV-də irimiqyaslı qara piar kampaniyasına hazırlıq gedirmiş.
Belə ki, başlıca ittihamlar “söz azadlığına hörmətsizlik”, “jurnalistlərlə pis rəftar” və “demokratiya problemləri” oldu. Görünür, Ağ Ev 2010-cu ildə baş verənləri unudub. O zaman ABŞ-ın müxtəlif diplomatik missiyalarından Dövlət Departameninə göndərilən 250 minə yaxın gizli diplomatik məktub və teleqram üzə çıxdı, ABŞ-ın bir tərəfdaş kimi etibarlılığı şübhə altına düşdü. Ağ Evin onda da bəyan etdiyi kimi, “oğurlanmış” məktublar və teleqramların KİV-də yayımlanması “düşüncəsiz və təhlükəli addım idi”.
O vaxtdan ABŞ onu ifşa edən Culian Assancı təqib edir, az qala, zorlama silsiləsində də günahlandırmaqdan çəkinmir.
Lakin görünür ki, öz məqsədləri naminə başqa ölkəyə qara yaxmaq lazım gələndə amerikalı məmurların vicdanları “oyanır”, yaddaşları isə pozulur.
Azərbaycanlılar uzun illər ölkələrindəki həyatla bağlı uydurma yazıları anlamadan, bəzən də inciyərək oxuyublar. Sanki söhbət başqa ölkədən gedir və həmin ölkədə hər şey çox və hədsiz dərəcədə pisdir.
Bakıya gələn əcnəbilər isə heç də kasıb xalqa yox, möhtəşəm binalara, ölkə boyunca gözəl yollara, küçəyə mitinq üçün deyil, alış-veriş üçün çıxan insanlara heyranlıqla tamaşa edirlər.
Ölkəmiz haqqında yalanlar yaymaq kimə və niyə lazımdır? Sadəcə yüksək tribunalardan və qəzet səhifələrindən Azərbaycandakı “dəhşətli həyat” haqqında davamlı çıxış edən şəxsləri dəvət etmək istərdim. Bax, elə Avropa Oyunlarına. Ölkədən illər əvvəl gedən və özünü azərbaycanlı adlandıran, amma vətəninə xüsusi həzlə ləkə yaxan insanlarla danışmaq lazım deyil. Küçədəki adi adamlarla danışın. Həqiqəti yazın!..