Əgər AŞPA deputatları iyun sessiyasında Rusiyanın səlahiyyətlərinin tam ləğvinə səs verərlərsə, qərar 2016-cı ilin yanvar sessiyasına qədər qüvvədə qalacaq.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör deyib.
Bu ilin yanvarında AŞPA-da Ukrayna böhranı ilə əlaqəli olaraq Rusiya nümayəndə heyətinin bir sıra səlahiyyətlərini, o cümlədən səs hüququnu donduran qətnamə qəbul edilib.
Buna cavab olaraq Rusiya nümayəndə heyəti 2015-ci ilin sonuna qədər Assambleyanı tərk edib. Sonra isə AŞPA Rusiya nümayəndəliyinin səlahiyyətlərini dondurmağı aprel sessiyasında müzakirə etməmək və müzakirələri iyuna kimi saxlamaq barədə qərar qəbul edib.
“Mən irəli qaça, nəticələr haqqında danışa bilmərəm. Amma əgər səlahiyyətlərin tam ləğv edilməsinə səs verilsə, bu qərar 2016-cı ilin yanvarına qədər qüvvədə qalacaq” – deyə A.Brassör bildirib.
O qeyd edib ki, 2016-cı il yanvarın sonunda yeni sessiya olacaq və bütün milli nümayəndəliklərin səlahiyyətləri yenidən gündəliyə gələcək.
AŞPA sədri vurğulayıb ki, dialoqdan boyun qaçırmağı yalnış addım hesab edir.
Onun fikrincə, parlament diplomatiyası çox vacibdir və görüşmək, danışmaq, bir-birini anlamağa çalışmaq lazımdır.
“Bu ilin yanvar ayına qədər, bütün fikir ayrılıqlarına baxmayaraq, dialoq var idi. İndi biz görüşmürük, danışmırıq. Bizim hazırda heç bir təmasımız yoxdur və bundan təəssüf duyuram”, – deyə A.Brasser vurğulayıb.