Səhiyyə Nazirliyi (SN) doğum evlərində anestezioloji-reanimatoloji xidmətin təşkili vəziyyətini yoxlayacaq.
Bunu Trend-ə SN-nin baş anestezioloq-reanimatoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib.
Doğum evlərinin həmişə SN-nin nəzarətində olduğunu deyən baş mütəxəssisin sözlərinə görə, müəssisələrdə anestezioloji-reanimatoloji xidmətin təşkili ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət olunma vəziyyətinin öyrənilməsi üçün daim yoxlamalar aparılır: “İndi də doğum evlərini öyrənəcəyik. Biz anestezioloqun super mütəxəssis olmasını yoxlamırıq. Yoxlama aparanda birinci növbədə texniki təminatla bağlı vəziyyəti öyrənirik. Anestezioloji ştat məsələsi normadadırmı, gündəlik idarəetmə və s. vəziyyət necədir?”
Baş mütəxəssis qeyd edib ki, indiyədək aparılan yoxlamaların nəticəsinə görə, müasir dövrdə tibb müəssisələrində anesteziologiya-reamanotologiya xidmətinin normal fəaliyyəti üçün lazımi maddi-texniki baza, kadrların professionallıq səviyyəsi var.
A.Qədirov deyib ki, anestesioloji-reanimatoloji xidmətdə birinci növbədə təhlükəsizlik tədbirlərinə hazır olmaq lazımdır.
Baş anestezioloq-reanimatoloqun sözlərinə görə, narkoz verilən zaman ən təhlükəli məsələ xəstənin nəfəs alması ilə əlaqədardır: “Çünki narkoz veriləndə xəstədə nəfəs süni olaraq dayanır. Ona görə də süni tənəfüssə hazır olmaq lazımdır. Nəfəsi təmin etməkdən ötrü isə müəssisənin texniki təminat bazası olmalıdır. Tibb müəssisəsinin hər hansı təhlükənin qarşısını almağa qadir olan maddi-texniki bazası olmalıdır. Əgər yoxdursa, orda narkozun verilməsi qadağan edilir. Bütün əməliyyat otaqlarında nəfəs verən süni aparat var, ancaq onu xəstəyə vaxtında qoşmaq lazımdır. Qaydaya görə, yalnız təhlükəsizlik tələbləri ödənilən yerdə narkoz verilə bilər”.