Rusiya Azərbaycan qazının alıcılarını təhdid edir

Avropanın Rusiya qazından asılılığını azaltmaq arzusu ilə, həmçinin Azərbaycandan “mavi yanacaq” əldə etmək istəyi ilə üzləşən Moskva birbaşa təhdidlərə keçib.

Rusiya mətbuatının yazdığına görə, “Qazprom” “Cənub axını” və “Türk axını” qaz kəmərlərinin əleyhdarlarını qaz satışını dayandırmaqla hədələyib. Bununla yanaşı, “Qazprom” son boru xəttini tikməyi, bundan sonra isə Ukrayna vasitəsilə qaz nəqlini dayandırmaq niyyətindədir. Beləliklə, Moskva Rusiya qazını almaq istəyənlərə cənub istiqamətini göstərir.

Bu gün bu istiqamətdə Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsi də reallaşır. Bu layihə Azərbaycanın “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutur. Bu marşrutun Rusiyanın variantından üstünlüyü ondadır ki, onun üçün Avropaya qaz kəməri – TAP da inşa ediləcək. Layihənin digər üstünlüyü isə onun “Türk axını”nı bir neçə il qabaqlamasıdır və artıq qaz satışına dair müqavilələr də var.

Rusiya, ən əsası, həcmlərə güvənir. Belə ki, “Cənub Qaz Dəhlizi” 10 milyard kubmetr qaz təklif etdiyi halda, “Türk axını” 50 milyard kubmetr qaz təklifi ilə çıxış edir.

Belə olduğu halda, “Cənub Qaz Dəhlizi”nə yeni təchizatçıların cəlb olunması aktuallığı artır. İlk növbədə, Azərbaycan və Türkmənistanın digər qaz yataqlarından olan müqavilə iştirakçıları yada düşür. Gələcəkdə İran və İraq qazının da bu layihəyə qoşulmasını istisna etmək olmaz.

Lakin bu məsələlərin həlli ilk növbədə Avropa İttifaqının çiyinlərinə düşür. Bu gün Rusiya məhz Aİ-ni təhdid edir və məhz Brüssel “Cənub Qaz Dəhlizi”nə yeni təchizatçıların cəlb olunmasında hamıdan çox maraqlı olmalıdır.

Digər tərəfdən, RF “Cənub Qaz Dəhlizi”nin Rusiyanın qaz satışına birbaşa alternativ olacağı və bu layihənin daha tez reallaşacağı həqiqəti qarşısında Azərbaycan qazının alıcılarına qarşı birbaşa təhdidlərə keçib. Axı, “Türk axını”na hədəflənən ölkələrin əksəriyyəti Azərbaycan qazının gələcək alıcılarıdır.

Əgər qarşıdurma Yunanıstanın yeni hökuməti kimi Moskvaya simpatiyası olan siyasətçilərin nüfuzu çərçivəsində həyata keçirilirdisə, artıq nəticə əldə etməyən Rusiya hədələməyə başlayıb.

Bununla yanaşı, Brüssel və ciddi problemlərlə üzləşmiş Afina arasında gərginlik hiss olunur. Moskva bu qopmanı gücləndirmək istəyir. Bu məqamda Yunanıstanın Baş naziri Aleksis Tsiprasın Rusiyaya səfərini də qeyd etmək lazımdır.

Moskvanın təhdidlərinin özünü əməldə nə qədər göstərəcəyi Avropa İttifaqından asılıdır. Əgər Aİ öz daxilində həmrəylik yarada və problemə münasibətdə vahid fikrə gələ bilsə, nəticədə bir müqavimət sistemi formalaşdıra və bu zaman Rusiyadan qaz asılılığına qarşı güc nümayiş etdirə bilər.

Yox, əgər bunu etməzsə, “Qazprom” rəhbərinin dediyi kimi, Rusiya əvvəlcə “Türk axını”nı inşa etməyə, sonra Avropada infrastrukturun yaradılmasını gözləməyə hazırdır. Bu, məcburiyyət qarşısında “Qazprom”a pauza vermək imkanı yaradacaq. Faktiki olaraq, Rusiya Avropanı “ehtiyac içində yaxalamaq” niyyətindədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO