Aprelin 9-da insan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilib.
Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisdə keçirilən iclasda işçi qrupun həmsədrləri – Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Səməd Seyidov qrupun keçən ilin oktyabrında keçirilmiş iclasından ötən altı aydakı fəaliyyətinin təhlil olunacağını, perspektivlərin müzakirə ediləcəyini bildirib. O, işçi qrupun insan haqları ilə bağlı problemlərin həlli istiqamətində altı ayda səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Səməd Seyidov işçi qrupa daxil olan qeyri-dövlət təşkilatlarının nümayəndələrinin insan haqları ilə bağlı daim xüsusi fəallıq göstərdiklərini diqqətə çatdıraraq, bu baxımdan qrupun katibliyinə minnətdarlığını bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirib ki, işçi qrupun bir neçə iclasının keçirilməsinə baxmayaraq, onun üzvləri daim qarşılıqlı əlaqədə fəaliyyət göstərib, informasiya mübadiləsi aparıb, ortaya çıxan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atıblar. Qrupun əfv komissiyası ilə də sıx əlaqədə işlədiyini bildirən şöbə müdiri qeyd edib ki, komissiyada qaldırılan məsələlər müsbət həllini tapıb. Ümumiyyətlə, bu əməkdaşlıq nəticəsində ötən altı ayda 15 məhbus Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında azadlığa buraxılıb. Fuad Ələsgərov bu istiqamətdə fəaliyyətin davam etdiyini, müvafiq memorandumun müddəalarına əməl olunduğunu diqqətə çatdırıb.
Bu məsələlərə humanizm prinsiplərindən yanaşıldığını qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, biz qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq. İşçi qrupun altı aylıq fəaliyyətini müsbət qiymətləndirən həmsədr Avropa Şurası baş katibinin qrupdakı xüsusi nümayəndəsi ilə də səmərəli əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Fuad Ələsgərov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
Avropa Şurası baş katibinin işçi qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qessel görülən işlərin önəmini vurğulayaraq bildirib ki, Azərbaycan cəmiyyəti bu qrupun fəaliyyətində maraqlıdır və ona böyük etimad göstərir. O, Avropa Şurası baş katibinin də bu qrupun fəaliyyətini yaxından izlədiyini bildirib. A.Qessel qrupun insan hüquqları ilə bağlı müzakirəyə çıxardığı məsələlərin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. O deyib ki, işçi qrup həm vətəndaş cəmiyyətinin üzvlərinə, həm də dövlət strukturlarının nümayəndələrinə açıq şəkildə, qarşılıqlı hörmət şəraitində cəmiyyət qarşısında duran bir sıra məsələlərin həllini tapmağa kömək edir. Bu, çox vacib məqamdır. Sizin birgə işiniz onu göstərir ki, Azərbaycan Avropa dəyərlərinə sadiqdir. Biz bu qrupa hər cür dəstək verməyə hazırıq.
Qrupun üzvü, Milli Məclisi deputatı Çingiz Qənizadə bundan əvvəlki iclasda qaldırılan məsələlərin həllini tapdığını vurğulayaraq, göstərdiyi yüksək humanizmə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
İşçi qrupun digər üzvü, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan cəmiyyətində dialoqun unikal mexanizminin yaradıldığını söyləyib.
Digər çıxışlarda da cəmiyyətdə işçi qrupa etimadın artdığı xüsusi vurğulanaraq, qrupun insan hüquqları məsələləri ilə bağlı səmərəli mexanizm olduğu diqqətə çatdırılıb. Çıxış edənlər, həmçinin insan hüquqları məsələləri üzrə birgə işçi qrupun altı aylıq fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra iclas müzakirələrlə davam edib.