Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi Avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür. Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər. Bunu “manatın ucuzlaşmasına hansı faktorlar təsir edir” sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.
Məlumatda qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında Avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur: “Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olmuşdur. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meyilləri nəzərə alır.