Türkiyə mətbuatında İstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 10-cu konfransında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş Katibi Mahmud Erol Kılıç tərəfindən iki qurum arasında əməkdaşlığı nəzərdə tutan protokolun imzalanması haqda geniş məlumatlar dərc edilib.
SalamNews-un məlumatına görə, xəbəri yayan Anadolu Agentliyinin məlumatında qeyd olunur ki, geniş sahədə əməkdaşlığı nəzərdə tutan sənədin müvafiq bəndinə əsasən bundan sonra İƏT Parlament İttifaqı “Xocalıya Ədalət” kampaniyasının məqsədləri və məramlarının icrası istiqamətində İKGF ilə fəal əməkdaşlıq edəcəkdir. AA xəbərində həmçinin qeyd olunur ki, “İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən başladılmış kampaniyanın məqsədi Ermənistanın işğal etdiyi Qarabağ bölgəsinin Xocalı qəsəbəsində 1992–ci ilin fevral ayında 613 insanın qətli ilə nəticələnən soyqırıma dünya miqyasında siyasi və hüquqi qiymətin verilməsinə nail olmaqla və soyqırım cinayətkarlarının məsuliyyətə cəlb olunmasıdır”.
“Hocalı için Adalet” və “İİT Parlamenterlerinden Ermeni lobisine darbe” kimi başlıqlar ilə xəbəri yayımlamış “Star” qəzeti, Yeni Şafak, 24haber, Anadolu agentliyi və s. kimi Türkiyə mətbuatı, dünyanın 53 parlamentini vahid qurumda birləşdirən İƏT Parlementlər İttifaqının “Xocalıya Ədalət” kampaniyasında iştirak edərək erməni lobbisinin cəhdlərinə qarşı çıxacağının əhəmiyətin də bildirməkdədir.
Bununla əlaqədar “Star” qəzeti İKGF Sədri Elşad İskəndərovun açıqlamasına istinadən qeyd edir ki : “2015-ci ildə erməni lobbisi, 1915-ci il hadisələrinin 100-cü ildönümü bəhanəsi ilə, dünyaya qondarma “erməni soyqırımının” qəbul etdirilməsi istiqamətində cəhdlər göstərməkdədir. Bu cəhdlərin arxasında duran məqsələrdən biri də əslində dünya ictimaiyyətinin diqqətini, 23 il əvvəl Xocalıda törədilmiş soyqırıma görə Ermənistanın məsuliyyət daşıdığından yayındırmaqdır. Bu baxımdan, məhz 2015-ci ilin başlanğıcında dünyanın 53 parlamentini təmsil edən İƏT Pİ tərəfindən Xocalı faciəsinin dünyaya tanıtdırılması barədə praktiki əməkdaşlığı özündə əks etdirən sənədin imzalanması mühüm hadisədir.”
Hadisəni Türkiyə və Azərbaycan diplomatiyasının birgə uğuru kimi dəyərləndirən Anadolu Agentliyinin xəbərində isə qeyd olunur: “Digər tərəfdən bu addım dünyanın ən azından İƏT-də təmsil olunan hissəsi tərəfindən, haqqın kimin tərəfində olması mövzusunda reallığı görməsi və erməni lobbisinin cəhdlərinin əsl səbəblərini anlaması baxımından bir mesajdır”.
Qeyd edək ki, İstanbulda bu gün öz işini davam etdirən konfransda “İKGF ilə İƏT Pİ Arasında Əməkdaşlıq” başlığı altında qəbul edilmiş qətnamədə İƏT üzv parlamentləri Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı prinsipial mövqelərini bir daha nümayiş etdirmişlər.
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlamış və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünynın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Pİ tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
– See more at: http://salamnews.org/az/news/read/160028#sthash.xgnL1vMz.dpuf