Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin 2015-ci ildə ilk iclası keçirilib.
MŞ-dən SalamNews-a verilən məlumata görə, MŞ-nin ötən il üçün hesabatı ətrafında müzakirə aparılıb.
Hesabatda nəzərdə tutulan məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ötən il Şuranın fəaliyyətindəki başlıca xətt quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı MŞ birgə müsabiqələrin, kitab təqdimatlarının, yubiley mərasimlərinin, müxtəlif tematik toplantıların, milli mətbuatımızın inkişafında, ictimai fikir tariximizdə rolu olan görkəmli şəxsiyyətlərin yaradıcılıq yolundan bəhs edən sənədli filmlərin çəkilişini, bir sıra beynəlxalq konfranslar reallaşdırıb.
Hesabatın müzakirəsi zamanı MŞ İdarə Heyətinin üzvlərindən – Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sənəddə yer alan məqamlarla bağlı fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ MŞ-yə üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə.Amaşov bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır.
İclasda müzakirə edilən növbəti məsələ MŞ-nin 2015-ci il üçün iş planı olub. MŞ üzvləri – B.Sadıqov, BDU-nun jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Day.az media şirkətinin direktor müavini Sevda Həmidova 2014-cü il üçün hesabatdan irəli gələn məqamların iş planında nəzərə alınmasının vacibliyini vurğulayıblar.
– See more at: http://salamnews.org/az/news/read/159356#sthash.FdSUkPbd.dpuf