Seyid Bəyimin yuxusu

Qəbirstanlıq. Hər birimizin son mənzili əvvəl axır  bu məkanadır. Heç kəs də dünyanı tutub gedə bilmir. Hətta nə qədər arzulasa da belə. Fərqimiz onda olur ki, bu məkana hansı üzlə gəlirik. Adam var qırx ildir dünyasını dəyişib, ziyarət edilmir. İnsan da olur ki, hər  gün  ziyarətinə kimsə gəlir. Haqqında danışacağım şəxs də məhz belələrindəndir.

***

Hər dəfə kəndə gedəndə  yaxınlarımla bərabər seyid Bəyim arvadın məzarını ziyarət edib yasin oxutdurmağı unutmuram. Seyid Bəyim həm də atamın dost-doğma  ana nənəsi hesab olunur.

Seyid Bəyim arvadın məzarı üstündə yenə onlarca şam yandırılıb, ətrafında quraşdırılan cağa saysız-hesabsız yaylıq bağlanıb.

Bu dəfə ziyarətimiz bir qədər uzanır. Atamın təklifi ilə yaxınlıqda olan Seyid Bəyim arvadın  qardaşı Seyid Hüseynində məzarını ziyarətə gedirik. Başdaşında ərəb qrafikası ilə yazılmış mətnləri  oxuya bilməsək də yaxınları onun Seyid Hüseynə məxsus olmasına qəti əmindirlər.

Deyim ki, Seyid Hüseyn cavan yaşlarında dünyasını dəyişib. Onun məzarının sinədaşındakı çat isə diqqətimi çəkir. Bu haqda bir qədər sonra…

****`  

Xanlıq illərində Seyid Bəyimgilin ailəsi Qaraməryəm kəndindən Quzanlıya köç edib. Atası Mir Qədir dövrünün sayılan kişilərindən  idi.  Seyid Bəyimin ailəsi sanki allaha daha yaxın idilər. Əvvəlcədən baş verə biləcək hadisələri hiss edir, bacardıqları qədər müraciət edənlərə kömək edərdilər.

Seyid Bəyim də ailənin sevimlisi olmaqla yanaşı, həmdə çox hissiyatlı uşaq imiş. Yetkinlik yaşına çatar-çatmaz onu kənd sakini Həmidə ərə verirlər. Bu izdivacdan onların dörd övladı  dünyaya gəlir. Əşrəf, İsmayıl, Hüsniyyə və Asya…

Atam bu arada rəhmətlik anası Asya arvadın xatirələrini dilə gətirir:

  -Bir gün Seyid Bəyim qızlarına deyir ki, qalxın ocağın üstünə su qoyun. “İsti suyu  neynursən ay nənə,”- deyə qızı soruşur. “Bir azdan özün görərcəksən ay bala,” -deyib Seyid Bəyim həyətə çıxır…

Burda haşıyə çıxım ki, Qarabağ tərəflərdə əksər hallarda anaya nənə deyərək müraciət edirlər.

Atam söhbətinə davam edir:

– Nənəm deyərdi ki, elə bir zaman gəlmişdi ki, dolanışıq çətinləşmişdi. Həmdə mal-qaraya, toyuq-cücəyə xəstəliyin düşməsi  camaata xeyli ziyan vurmuşdu. Elə olurdu ki, evdə bəzən yeməyə heç nə tapmaq mümkün olmurdu…

Nənəm deyirdi ki, çox keçmir ki, kol qapısı tərəfdə bir atlının yaxınlaşdığını gördük. Yaxına gedəndə dedi:

– Seyid Bəyim arvadgilin evi buradı, bala?

– Bəli, deyə hamımız birdən cavab verdik.

– Hər yaylağa gedəndə, bala niyyət edirəm ki, sağ-salamat gedim-gəlim seyidin nəzirin gətirib verim. Bu il bir az ləngidim. Sən allah üzürlü sayın.

Atın üstündəki xurcunda az qala bir illik azuqə var idi…

Nənəm deyirdi ki, bu məqam Seyid Bəyim artırmada oturmuşdu. Arxayın səslə,- Allah ruzini bol eləsin, ay oğul,- deyə qonağa cavab verir. Gələn atlı isə Rəncbərlər kəndindən olmuşdu.

***

Atam nənəsiylə bağlı başqa bir xatirəni də danışır…

– Nənəm deyərdi ki, mən dayımın hesabına sağ qalmışam…

Asya arvad uşaq olanda bir gün bərk xəstələnir. Nə qədər əlac eləsələrdə uşaq sağalmaq bilmir. Belə günlərin birində dayısı Seyid Hüseyn onlara gələsi olur. Dayısına  yenicə nişan getmişdi.  Bacısıgilə gəlib məsləhət məşvərət etmək niyyətindəymiş.

Evə keçər keçməz  balaca Asyanı ayaq üstə görmür.  Bacısından Asyanı soruşur.

– Xəstələnib ay qağa. Sağalda bilmirik. Arxa evdə yataqdadır-, Seyid Bəyim cavab verir.

Qardaşı içəri keçib Asyanı rəngi solmuş vəziyyətdə görür. Qızcığaz az müddət ərzində arıqlayıb çöpə dönmüşdü.

Bacısı hazır çay-çörək gətirsə də, Seyid Hüseynin boğazından keçmir. Bacısı qızının vəziyyəti  onun heç xoşuna gəlmir. Asyanı yuxudan ayıldıb bir təhər ayağa qaldırır. Onu evin ortasındakı gəbənin üstünə mütəkkəyə uzanmış vəziyyətdə saxlayır. Və  pıçıltıyla nəysə oxumaga başlayır.

 -Ay bala, ağrın-acın, mən dayına gəlsin, –  son cümləsini deyib üç dəfə qızcığazın başına hərlənib evdən çaparaq çıxır. Bacısı evə gələndə artıq Hüseyn getmişdi. Və onun görüşmədən getməsi bacısınada pis təsir etdi. O hec vaxt belə şəkildə görüşməmiş getməzdi…

Bir həftə ərzində Asya ayağa qalxıb düzəlsə də, dayısnın qəflətən ölüm xəbəri hamını sarsıtdı.

Anası Seyid Bəyim demək olar ki, xeyli müddət hirsindən qızının üzünə belə baxmamışdı…

*** 

Yayın cırhacır vaxtında Seyid Bəyim yuxudan hövlənək yuxudan ayılır.

– Uşaqlardan kim var evdə, gəlsin bura görüm.

– Burdayam nənə,- deyə İsmayıl cavab verir.

– Atı min,  təcili  qəbirstanlığa get. Qardaşımın qəbrinə bax, nəysə ona olub, deyib dəsmalı əlinə alır.

Seyid Bəyimin hönkürtüsünü saxlamaq mümkün olmur. Haya qızları gəlir. Onu sakitləşdirincə İsmayılın  atı  görsənir.

– Dayımın sinə daşı çatlayıb, ay nənə.

– O durduğu yerdə çatlaya bilməzdi. Nəysə olub…

Seyid Bəyim qızlarına yuxusunu danışır ki, “qardaşım yuxuda dedi ki, bajı mənə su ver,  kürəyim yanır…”.

***

Həmin gecəni Seyid Bəyim yuxusuz qalır…

Az sonra məlum olur ki, seyid Hüseynin nişanlısı ərə gedibmiş…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO