Əsəd bəy, Böyük bəy və … Sarıcalı bəyləri

Quzanlı rəiyyət kəndi olsa da, ətraf ərazilərində çoxsaylı  bəylərin  mal-mülkü var idi. Onların arasında olan Böyük bəy, Əsəd bəy, Mircabbar ağa, Səlim bəy,  Kərim bəy, Salah bəy, Hüseyn bəy və  Aslan bəy Pənah xanın nəslinə qohumluğu çatırdı. Rəiyyət kəndinin vergisini isə Böyük bəyin yığdığı deyilir.

Bu yazıda onların ikisi barədə əldə etdiyim  maraqlı həyat tarixçəsini sizinlə bölüşmək istərdim…

***

Quzanlı kəndinin üstündə vaxtilə “Əsəd bəyin bağı” deyilən bir bağ sahəsi var idi.  Münaqişə başlananadək  bağdan az da olsa  əsər- əlamət  qalırdı.  Bağın üst tərəfində  əllincii illərdə “qaynama artezian”da vurmuşdular.  Yadımdadı ki, keçmiş sovet dövründə kolxoz biriqadasının qərargahı  burada yerləşridi. Hərdən məktəb illərində bu  bağda məndə gəzib dolaşardım.  Və həmişə bu bağın Əsəd bəyin adına daşımasını və  onun kim olması məni maraqlandırardı…

Bu günlərdə öyrəndiyim o oldu ki, Əsəd bəy  Pənah xanın yaxın qohumlarından olub. Həyat yoldaşı  Səadət xanım Xındırıstanlı Nəsir bəyin qızı  idi. Nəsir bəy Peterburqda təhsil almışdı.  Savadı ilə digərlərindən seçilirdi.  Bağın üstündə onların ən müasir üslubda inşa edilən səkkiz alt -üst mülkün ikinci mərtəbəsində sanitar qovşağı və üç tərəfə artırması olmuşdu. Malikanə təəsüf  ki, əlllinci illərin sonlarında Soltanbuddakı  Mircabbar ağanın malikanəsi ilə eyni vaxtda söküldü və  materialı kolxozun ehtiyaclarına istifadə edildi…

Bu gün Əsəd bəy haqqında elə bir məlumat əldə edə bilməsəm də, kənd sakinlərindən maraqlı bir tarixçəni eşitdim…

Bir gün Əsəd bəyin xanımı   “M-1” markalı  “Moskviç”-lə Quzanlıdan keçirmiş. Bağlarının yanından keçəndə maşını saxlamağı sürücüdən xahiş edir. Maşından düşən Səadət xanım bağlarına tərəf gəlir…

Təsəvvür etmək çətindir  ki, öz əlinlə saldığın bağa icazəsiz girə bilmirsən…

Kənardan əlinlə saldığın bağa baxaraq xatirələrə dalırsan, bir az da doluxsunub geri qayıdırsan. Səadət xanım da belə edir. Lakin maşına çatar-çatmaz geri qayıdır. Gözətçidən bir cəvərən üzüm yığıb  ona verməyi xahiş edir. Gözətçinin kobud cavabı ilə üzləşən xanım – “ay oğul, vaxtıylə biz bağı salanda sən heç  dünyada yoxuydun ey, indi ondan bir salxım üzüm qıymırsan  sahibinə”- deyir.

Yenidən yox cavabı alan Səadət xanım kor peşman geri qayıdası olur.

“Mülkümüzü, bağımızı hallalıqla almamısınız. Ay bala, hec inanmıram ki, xeyir tapasınız,”- deyib Səadət xanım maşına minir…

Sədrdən bir “molodes” almaq ümidiylə hadisəni şeşələnə şeşələnə ona danışan gözətçi  dərhal vəzifəsindən uzaqlaşdırılır.

Məlum olur ki, sədr bəy ailəsinə həmişə hörmətlə yanaşıb və onlara gizli şəkildə hər il öz bağlarının məhsulundan göndərərmiş…

***  

Böyük bəy Sarıcalı bəyləri arasında hər daim seçilirmiş. İş elə gətirir ki, bir gün təsərrüfatında çalışan bütün nökər və rəiyyətləri Kür qırağına göndərməli olur. May ayında çayların qaynayan vaxtında ətrafa ziyan vurulmaması üçün növbəlilik prinsipi ilə hamı bəndvurmaya cəlb edilir. Bütün əsabələrini bəndvurmaya göndərən Böyük bəy  kəndi gəzib dolaşdığı vaxt qarşısına rəiyyətlərindən biri çıxır.

– Mustafa, niyə bənd vurmağa getməmisən, -deyə qarşısında dayanan atlıya deyir.

– Bəy, xəstəm var. Sabah inşallah gedərəm.

-Yox!!!   Dərhal getməlisən…

Ardınca söyüş dolu ifadələr yağdıran bəyin səsi bir anda öləziyir…

Təhqirlərə dözməyən Mustafa qeyri- ixtiyari  beşatılanını çıxarıb Böyük bəyi  güllə ilə yaralayır.  Çaşqınlıq içində olan bəyin mühafizəçiləri nə qədər güllə atsalarda Mustafaya dəymir…

Dərhal bəyi malikanəsinə gətirsələr də, tibbi yardım göstərilmədən o keçinir. Səhəri bəyin adamları Mustafa gilə gəlir və evi güllə barana tuturlar. Amma artıq gec idi…

Bu zaman Mustafa əmisioğluyla Qaraməryəm kəndinə çatırdı.

Belə qərara gəlmişdilər ki, bir müddət ara sakitləçincə Mustafa Qaraməryəmdəki qohumları gildə qalacaq.

Belə də olur…

Lakin Böyük bəyin əqrabəsı bu qanı yerdə qoymamaq üçün bütün vasitələrədn istifadə edəsi olur. Bir gün Mustafanın izinə düşərək, onu  kənddə gəzib dolaşdığı yerdəcə güllələyirlər…

Böyük bəyin ürəyi soyumayan  qohumları Mustafanın nəslində olan bütün kişiləri öldürmək istəyi isə alınmır. Sövet hökumətinin  gəlişi bu planın icrasının qarşısını alır…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO