Bu il jurnalistikaya qəbul qaydalarında edilən dəyişikliklərdən sonra 47 nəfər bu ixtisas üzrə təhsil almaq şansı qazanıb. Amma bəzi universitetlərin sözügedən fakültəsinə qəbul olunanların sayında kəskin azalma var.
Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, bu il BDU-nun Jurnalistika fakültəsinin I kursunda 40 nəfər təhsil alacaq.
“Onlardan 26-sı əyani Azərbaycan bölməsi, 3 əyani rus bölməsi, 7-si ingilis bölməsinin tələbəsidir, 4 nəfər isə qiyabiçidir. İngilis dili bölməsi bu gündən tədrisinə başlayıb”.
“Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinə 2 nəfər qəbul olunub. Onlardan 1-i Azərbaycan, 1-i rus bölməsində təhsil alacaq. Həmin iki tələbə üçün yeni standartlara uyğun tədris planı yaradılır. Tədris planında nəzərdə tutulmuş dərslər proqrama uyğun olaraq tədris olunacaq. İxtisas fənlərini ayrı-ayrılıqda keçəcəklər. Xarici dil dərslərini digər qruplarla bir keçəcəklər”, – bunu BSU-nun mətbuat xidmətindən bildiriblər.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova isə qeyd edib ki, Jurnalistika fakültəsinə 4 nəfər qəbul olunub. “Onlar bir qrup olacaqlar və dərslər ingilis dilində keçiriləcək”.