“Mətbuat Muzeyi yaradılandan sonra Mətbuat Ensiklopediyası da hazırlanacaq”

“Mətbuat Muzeyini bir elmi müəssisə kimi təsəvvür edirəm. Əgər yaradılmasına nail ola biləriksə, o zaman Mətbuat Muzeyinin öz iş planı olacaq. Orda mətbuatın tarixi ilə bağlı araşdırmalar aparılacaq. Mətbuat tarixinə aid bütün eksponatların dünya ölkələrindən alınıb gətirilməsini təmin edəcəyik. Sözsüz ki, bütün bu işlərin yekunu kimi Mətbuat Ensiklopediyasının da hazırlanması Mətbuat Muzeyinin iş planına daxil ola bilər”. 

Bunu Modern.az-a Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Mətbuat Ensiklopediyasından danışmaq hələ tezdir: “Bu, bir qədər sonrakı addım ola bilər. Düşünürəm ki, Mətbuat Muzeyi yaranandan sonra bu məsələni müzakirə etmək daha münasib olar. Ona görə indi bütün fəaliyyətimizi muzeyin yaradılmasına yönəltmişik”.  

Cavanşir Feyziyev Mətbuat Ensiklopediyasında yer alacaq mətbuat nümayəndələrindən və mətbu orqanlarından da danışıb: “Mətbuat Ensiklopediyası yaranarsa, o zaman milli mətbuatın mövcud olduğu bütün dövr ərzində mətbuatın tarixi fəaliyyətini, mətbuat tarixində böyük rol oynamış şəxsiyyətləri, eləcə də mətbuat tarixində yer tutan mətbuat orqanlarının tarixi fəaliyyəti, nəticələri, uğurları orada öz əksini tapmalıdır”.

Cavanşir Feyziyev bir müddət əvvəl Azərbaycanda Mətbuat Muzeyinin yaradılması ilə bağlı təklif irəli sürüb. Təklifə görə, muzey təkcə Azərbaycanın deyil, ümumiyyətlə Türk Mətbuatı Muzeyi ola bilər: “Çünki Azərbaycanda 139 il əvvəl mətbuat yaranıb. Başqa türk ölkələrində bir il gec, bir il tez, yəni təxminən eyni zamanlarda yaranıb”.

Namidə BİNGÖL

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO