Şəki şəhərində dünən Azərbaycan Mətbuat Şurası (AMŞ) İdarə Heyətinin iclası keçirilib.
AMŞ-dən SalamNews-a bildirilib ki, iclasda dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçilimiş müşavirəsi ilə bağlı müzakirələr olub.
Xatırlanıb ki, Mətbuat Şurası müşavirədə səslənmiş məqamlarla bağlı müxtəlif aspektlərin müzakirəsi, ümumən informasiya təhlükəsizliyi prosesində KİV-lərin fəaliyyət səmərəliliyinin davamlı şəkildə diqqətdə saxlanılması zərurətini nəzərə alaraq sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın informasiya təhlükəsizliyi media müstəvisində” adlı konfrans düzənlənib. Ölkənin aparıcı KİV-lərinin,elektron media rəhbərlərinin, eləcə də tanınmış ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbir geniş diskussiyalar şəraitində keçib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında qərarlar qəbul olunub. Müzakirələrdən sonra “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəyi əsas götürülərək “Xalq nəzarəti və sahibkarlıq” qəzetinin adının MŞ-nin “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb.Həmçinin bir sıra KİV ilə bağlı müvafiq qərarlar qəbul edilib.
İdarə Heyətinin iclasında Şəki şəhərində görkəmli Azərbaycan rejissoru Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sənədli filmlər festivalına hazırlıqla bağlı müzakirələr də aparılıb.
MŞ-nin İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət türkdilli ölkələrin sənədli filmlər festivalını ölkə miqyaslı hadisə kimi dəyərləndirməklə tədbirin Azərbaycan tarixində mühüm rol oynamış qədim Şəkidə təşkilini əlamətdar cəhət kimi önə çəkiblər.
– See more at: http://salamnews.org/az/news/read/142392#sthash.LneVUDNy.dpuf