Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi
– Uzun müddətdir ki, İraq və Suriya ərazisində minlərlə insanın ölümü ilə nəticələnən silahlı qarşıdurmalar baş verir. Bu silahlı qarşıdurmaları necə xarakterizə edərdiniz?
– Deyə bilərəm ki, hazırda İraq və Suriyada normal insan təfəkkürünə sığmayan müdhiş və qanlı hadisələr baş verir. Dünya ictimaiyyətinin gözü qarşısında İraq və Suriyada irqi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan qəddarcasına qətlə yetirilir, müxtəlif növ qeyri-insani davranış və zorakılıqlara məruz qalırlar. Bu ərazilərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş terrorçu birləşmələr siyasi hakimiyyət uğrunda silahlı mübarizə aparırlar.
– Bu terror birləşmələrinin əsas məqsədi və hədəfləri nədən ibarətdir?
– Məlumdur ki, istənilən terrorçuluq fəaliyyəti siyasi məqsədlər daşıyır. Bu mənada İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlardan ibarət qruplar sözün əsl mənasında terror müharibəsi aparırlar. Onların əsas məqsədi siyasi hakimiyyətə yiyələnərək öz ideologiyalarına müvafiq rejim formalaşdırmaqdır.
Onu da qeyd etməliyəm ki, bu terror birləşmələri sırasında İraq və Şam İslam Dövləti (İŞİD) “Əl-Qaidə” terror şəbəkəsinə aid olan birləşmələrdən öz xüsusi qəddarlığı ilə fərqlənir. İŞİD hazırda İraqın bir çox yaşayış məntəqələrini, strateji obyektlərini ələ keçirib. Bu birləşmələrin terror fəaliyyəti nəticəsində İraq və Suriya ərazisində minlərlə tarixi, mədəni və dini abidələr, məscidlər dağıdılaraq yerlə yeskan edilib.
Bu terror birləşmələri İslam örtüyü altında çıxış edirlər, İslam normalarını öz məqsədlərinə uyğun şəkildə izah edirlər və öz cinayətkar əməllərinə İslam dini vasitəsi ilə bəraət qazandırmağa çalışırlar. Lakin bu terror birləşmələrinin əməlləri ilk növbədə İslam dininə, İslam dəyərlərinə, İslam fəlsəfəsinə qarşı yönəlib və İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, İraq və Suriya ərazilərində silahlı mübarizələrin iştirakçıları olan terror birləşmələrinin əsas hədəfi İslam dini və islami dəyərlərdir.
– Dünya ictimaiyyətinin İraq və Suriyada baş verənlərin qarşısını almaq istiqamətində fəaliyyətini necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, motivlərindən və təzahür formalarından asılı olmayaraq terrorçuluğa qarşı mübarizədə dünya birliyi vahid platformadan çıxış etməlidir, bu cinayət əməllərinin qarşısının alınmasında ardıcıl, universal siyasət həyata keçirməlidir və konkret tədbirlər görməlidir. Bu kontekstdə İraq və Suriyada baş verən terror aktlarının, müxtəlif zorakılıq və vandalizm əməllərinin, günahsız insanlara qarşı qeyri-insani əməllərin törədilməsinin qarşısını almaq üçün dünya ictimaiyyəti təcili siyasi, diplomatik, hərbi və digər tədbirlər görməli idi. Əfsuslar olsun ki, biz bunu görmürük. Vaxtaşırı hansısa dövlət və beynəlxalq təşkilatlar səviyyəsində müzakirələr aparılır, bu ərazilərdə məskunlaşmış insanların etnik, irqi, dini və s. mənsubiyyətindən asılı olmayaraq hamısının qırğınlara və digər səfalətlərə məruz qalmasına baxmayaraq, istisna halı kimi müəyyən etnik və ya dini qrupun nümayəndələrinə yardımlar edilir. Ümumilikdə isə bu ərazilərdə baş verənlərlə başlı dünya birliyi vahid strategiya ilə çıxış etmir.
– Sizcə, bunun səbəbi nədir?
– Hesab edirəm ki, indiyədək İraq və Suriyada baş verənlərlə bağlı dünya birliyinin təcili tədbirlər görməməsinin bir çox səbəbi var. Bununla bərabər, qeyd edilməlidir ki, bu gün dünyada baş verən silahlı qarşıdurmaların böyük əksəriyyəti müsəlman əhalinin yaşadığı ərazilərdə baş verir və bu münaqişələrin davam etməsində ya region dövlətləri, ya da regiondankənar böyük dövlətlər maraqlıdır. Ona görə də bir qayda olaraq, həmin münaqişələr uzun müddət davam edir. İraq və Suriyada baş verənlərə diqqət yetirdikdə, görürük ki, bu ərazilərdə mülki əhaliyə qarşı qeyri-qanuni zorakılıq növlərinin tətbiq edilməsi adi hal alıb. Terrorçuların cinayətkar əməllərinin qurbanları sırasında xristian azlıqların nümayəndələri olsa da, terror müharibəsi nəticəsində bu ərazilərdə məskunlaşmış müxtəlif etnik qruplara mənsub olan müsəlman əhali kütləvi şəkildə məhv edilir, zorakılığa məruz qalır, aclığa və səfalətə düçar edilir. Zənnimcə, dünya birliyinin təcili tədbirlər görməməsinin səbəblərindən biri də qeyd edilənlərlə bağlıdır.
– Məsələnin təcili olmasını dünya birliyinin diqqətinə çatdırmaq üçün Azərbaycan hər hansı bir konkret addım ata bilərmi?
– Azərbaycan xalqı son iki yüzillik ərzində öz doğma torpaqlarında ermənilər tərəfindən kütləvi şəkildə terrora, kütləvi qırğınlara məruz qalıb, terror cinayətlərinin ağrı və acılarını yaşayıb. Azərbaycan hakimiyyəti mütəmadi olaraq terrorizmə qarşı mübarizədə qətiyyət nümayiş etdirib, ikili standartlara qarşı çıxıb, beynəlxalq antiterror koalisiyasına qoşulub və hazırda bu antiterror koalisiyasının fəal üzvlərindən biri olaraq qalır. Digər tərəfdən, Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinin sədridir. Zənnimcə, Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə İraq və Suriyada baş verənlərlə bağlı təcili iclas keçirə bilər və bu iclas nə qədər tez keçirilsə, o qədər məqsədə uyğun olardı.
Son olaraq onu da qeyd edim ki, mən Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri kimi Avropa Parlamentinin, AŞ PA-nın, ATƏT PA-nın və Avronest PA-nın rəhbərliyinə müraciət edərək bu qurumları İraq və Suriyada baş verən terror aktları, müxtəlif zorakılıq və vandalizm əməlləri ilə bağlı təcili olaraq müzakirələr aparmağa və siyasi, diplomatik, hərbi və digər təxirəsalınmaz tədbirlər görülməklə, günahsız insanlara qarşı qeyri-insani əməllərin törədilməsinin qarşısının alınması üçün dünya ictimaiyyətinə çağırış etməyə səsləmişəm.