“Cəbhə xəttində baş verən son qarşıdurmalar zamanı bəzi media qurumlarının hərbi sirləri olduğu kimi verməsi vətənpərvərliklə əlaqədar deyil.”
Bunu SalamNews-a açıqlamasında, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədli söyləyib.
Onun mülahizələrinə görə, sosial şəbəklərdə media mənsublarının yanaşmalarını tənzimlənməsi həssas məsələdir: “Vətənpərvərlik və ya qeyri-vətənpərvərlik kimi hisslər peşəkar jurnalistə məxsus olmamalıdır. Təcrübəli jurnalist üçün əsl vətənpərvərlik, məlumatı olduğu kimi çatdırmaqdır. Vəziyyətin mürəkkəbliyini nəzərə alaraq, təsdiqlənməmiş bir məlumatı yaymaq, xüsusilə də son döyüşlər zamanı şəhid olan əsgərlərin adlarını, yaxud hərbi texnikanın dislokasiya yerini olduğu kimi önə çıxarmaq peşəkar jurnalistə xas olan iş deyil.”
Müdafiə Nazirliyi mətbuat xidmətinin son vaxtkı fəaliyyətinə toxunan Z.Məmmədli bildirib ki, hərbi sahədə yazan jurnalistin peşəkar olması üçün bu qurum düzgün işləməli və məlumatları vaxtında təqdim etməli idi: “Bu nöqsanlar da işlərin düzgün qurulmaması nəticəsində baş verib. Çünki nazirlik mətbuatı vaxtında məlumatlandırmadı və mediada yanlış xəbərlərin sayı çoxaldı. Təbii ki, bəzi jurnalistlərin də səriştəsizliyi çatışmayan cəhətlərin üzə çıxmasına səbəb oldu.”
Media eksperti onu da xatırladıb ki, ölkədə mürəkkəb vəziyyət yarandıqda, tək Müdafiə nazirliyi deyil, digər dövlət qurumları da mətbuatla işlərini düzgün qurmalıdır.
– See more at: http://salamnews.org/az/news/read/140255#sthash.oRU2yupj.dpuf