Gün ərzində imkan düşdükcə oxumağa çalışıram. Mahnı yox, yazı oxumağa çalışıram. Əsasən, xəbərləri. Bir neçə sayt var ki, kompumda daim açıq qalır. Nə üzərində işləməyimdən asılı olmayaraq, həmin səhifələri tez-tez təzələyirəm. Oxumaq, təzə nəsə öyrənmək, xəbərdar olmaq – komp bu mənada, əl verir. Son vaxtlar ədəbiyyatda maraqlı proses gedir, bilmirəm, sezmisiz, ya yox? Ədəbiyyat mənim də azartım olub uzun illər. Durum deyim ki, mən indi də əlimdəkitab yatıram, yalan olar, amma imkan edib oxumağa çalışıram, ən azı, ruhi sabitlik naminə… Gənc yazarlara çox böyük dəyər verirəm. Söhbəti çılızlaşdırmaq kimi çıxmasın, o mənda ki, yaşamaq üçün lazım olan paranı qazanmaqdan savayı bədii yaradıcılıqla da məşğul olub, dövrün ədəbiyyatının qayğısına qalan insanlara böyük hörmətim, rəğbətim var. Hətta yekəxanalıq olmasın, özümdə onlara qarşı qeyri-iradi bir şəfqət də hiss edirəm. Yaradıcı insanı sevmək və qayğısına qalmaq lazımdır ki, yaratdığını da, Pentium-2-3-də olsa belə, sevərək yaratsın. Bu belə. Şou-biznes haqqında da ikicə kəlmə deyim, sonra. Bilən bilir ki, müğənnilərin, adətən, iki növ mahnısı olur. TV-də, dövlət tədbirində oxumaq üçün və toy mahnıları. Birinci növ mahnılar ifaçısına hörmət gətirir, ikincisisə sərvət. Birinci növ mahnı fəxri ada, imicə, statusa xidmət edir, yəni mənəvi anlam daşıyır, ikincisə varlanmağa, yəni maddiyyata. Normaldır. Amma bu iki qarpızı bir əldə yaxşı saxlamaq var ki, bunu da hər adam bacarmır. Əslində, şou-biznesin özü çox maraqlı və kifayət qədər araşdırma tələb edən sahədir. Tam ciddi deyirəm. Tədqiqata cəlb ediləsi mövzular, təhlillər, analizlər adamı uzaqdan çağırır. Amma çox heyif ki, jurnalistlər bu məqamları araşdırmaqdansa, sanballı bir iş ortaya qoymaqdansa, qalmaqal yaratmağa həvəslidirlər. Nolar ki, şou-biznes olanda, bunun da bir sağı-solu, keçmişi-gələcəyi var. Nəsə, niyyətim bu deyil. Adamı narahat edən budur ki, son vaxtlar bu tendensiya ədəbiyyatda da özünü göstərir. Əziz və sevimli, istəkli, əzabkeş yazarlarım, nə olub sizə? Aydın məsələdir ki, siz də bizlərdənsiz, kinayə də edirsiz, nəyisə lağlağaya da çevirisiz, söyüş də söyürsüz və sairə. İndinin oxucuları daha praktik və realistdirlər, siz lap çoxdan onlar üçün xəyali, əlçatmaz deyilsiz. Bir sözü olarsa, heç poçta da getməz, uzaqbaşı, facebookda iki kəlmə ilə ya sevgisini, ya nifrətini bildirər – bu qədər. Yəni oxucu sizdən hər zaman güclü, dərin, sarsıdıcı, ciddi-ciddi ədəbiyyat gözləmir, sizin də milli Heminquey, Kafka, nə bilim daha kimlərsayağı olmaq kimi bir öhdəliyiniz yoxdur. Amma ədəbiyyata, insanda toxluq hissinin imitasiyasını yaradan ləbləbi havası gətirmək kimi də bir missiyanız yoxdur. Təəssürat belədir ki, kimsə bu yazarlarla çox pis zarafat edib, onlar da bu zarafata çox ciddi-ciddi inanıblar. Kobud ifadədir, amma tam yerindədir – yaradıcılığı “mırt”a çevirməklə dövrün ədəbiyyatına xidmət etdiyinizi düşünürsünüzsə, çox təəssüf, yanılırsız, yox, məşhurlaşmaq, sadəcə, populyar olmaq istəyirsinizsə, təbrik edirəm, düzgün yoldasız. Yenə yekəxanalıq çıxmasın, bunu sizin timsalınızda dövrün yazıçı obrazınızın qayğısına qalmaq kimi qəbul etməyin. Adamı narahat edən odur ki, sizin arxanızca ciddi-ciddi gələnlər var və onlar ədəbiyyat yaratmaqla, bu sferada baş verən xırda detallar üzərində kinayə edib məzələnmək arasındakı fərqi hiss etmirlər. Deyirəm bəlkə hələlik əlaltında olan təcrübədən istifadə edək: məsələn, məkan amilindən. Bu mənada, şou-biznesçilər xeyli qabaqdadır. Onlar əla bilirlər hansı mahnını harda və hansı libasda oxumaq lazımdır. Adlarına, sənətə xidmət edən məkanda onlar heç vaxt cins paltarda toyxana mahnısı oxumazlar. Siz də seçin – harda yazıçısız, harda məzəçi. Bu, bir nəzəriyyədir – ədəbiyyat predmetini lağlağı ibarələrlə məzəyə gətirməyin zərərini siz sonralar biləcəksiz, biz oxucular isə bunun əziyyətini indidən çəkirik. Kaş bizim yerimizə aradabir siz də olaydınız – onda görərdiniz bu ədəbiyyatsayağı söhbətlərin adamın boğazında necə qaynadığını. Allah insafınızı kəsməsin! |