Bir neçə dəfə “Lider” telekanalında yayımlanan “Ay ev yiyəsi” adını daşıyan verilişə məcburən baxmalı olmuşam. Səbəbi bu tipli proqramlarda kameraların, eləcə də süjet və təsvirlərin cansıxıcı otaq şəraitindən təbiətə çıxmasını görməyimdən xüsusi zövq almaq istəyim olub. Ancaq sonradan itirdiyim vaxta görə keçirdiyim təəssüf hisslərini sadalamaqla qurtara bilmirəm…
Əvvəlcə məlumunuz olsun deyə, “veriliş”in süjet xəttinə yüngülvari bir ekskurs edək. Sonradan bu kiçicik ekskursumuza görə də bəlkə məni qınayacaqsınız. Amma nə edək?! Burası bizim ölkə, bizim efir, bizim media, bizim teleməkan. “Qolun sınığının əziyyəti boyunundu” deyimində olduğu kimi, bu “teleproduksiya”nın da cürümü Azərbaycan xalqınındı. Bütün mənalarda. Bu biçarə xalq o “yükü” daşımaq istəməsə də belə…
…Veriliş Lalə adlı teleaparıcının müşayiəti ilə başlanğıc anında paytaxt Bakıdan start götürür. Kameraların görkəmli maşınların salonundakı gəzişmələrindən bəlli olur ki, çəkiliş qrupu hansısa bir müğənnini, aktyoru, meyxanaçını, reperi, nə bilim ROK-çunu, POP-çunu götürüb hansısa məkana gedir. Yolboyu mahiyyətsiz, ucuz söhbətlər, ən yaxşı halda toy tutmaq bacarığı, yemək-içmək, kökəlmək-arıqlamaq “nəzəriyyələrinin” geninə-boluna təbliği, verilişə dəvət olunmuş qonaq subaydırsa onun evlənmə-ərə getmə “fəlsəfəsi” və s. bu tipli söhbətləşmələr.
Nəhayət, “ay ev yiyəsiçi”lər rayonlarımızın və ya Bakının kəndlərində bir qapını döyməli olurlar. Burada guya böyük əhəmiyyət daşıyan bir məqam da var. Belə ki, hansı rəngli darvazanın döyülüb ora “ay ev yiyəsi” deyilməsi ətrafında elə bir seçim-müzakirə aparılır ki, elə bil bu jest Xankəndinə və ya Şuşaya bayraq taxmaq qədər çətin, şərəfli və vacib bir işdir. Əlqərəz, bir qapı seçilir. Aparıcı “qəhrəmanını” maşında bərk-bərk gizləyib daxil olur həmin həyətə. Tanışlıqdan sonra bir axtar-tap tapmacası baş verir ki, gəl görəsən. Lalə xanım başlayır maşında gizlətdiyi şəxsin əlamətlərini saymağa ki, onun kimliyini bu əlamətlərinə görə ev yiyəsi müəyyən eləyə bilsin. Elə bil, hansısa bir əvəzolunmaz alimi, məsələn Lütfizadə kimi bütün dünyaya gərəkli, başucaldan bir azərbaycanlını təqdim eləmək istəyir. Amma sualların verilişi zamanı bəsitlik yenidən özünü büruzə verir. Təxmini suallara fikir verin: “o, bəstəkar mahnıları oxuyur”, tapmadınız, onda “o mahnı da bəstələyir”, “eynək taxır”, yenə də tapmadınız, “bir əz də meyxana deyir” və s.
Bundan sonra qonağı xüsusi alqışlar altında həyətə, evə gətirirlər. Bu zaman Lalə xanım ev adamlarına, qonşulara xitabən belə bir cümlə də işlədir: “Siz onu indiyədək ancaq ekranda görmüşdünüz. İndi isə canlı görün”. Allah nə böyük xoşbəxtçilik!!!
Bundan sonra masa ətrafına yığılmış adamların adlarını bilir tamaşaçı. Əgər orda gəlin varsa, ondan mütləq soruşulur ki, qaynanasını çox istəyir, ya az istəyir, ya da heç istəmir. Eyni suala da qayınana cavab verməlidir. Təbii ki, onlar da mikrofon, ekran qarşısında həqiqəti deyəsi deyillər. Əslində düz də eləyirlər. Çünki onların münasibətlərinin tamaşaçılara nə aidiyyatı var.
Beləliklə, “ay ev yiyəsi” elə bununla da bitir. Sonda Lalə xanım kameraya əl eləyərək tamaşaçılarla vidalaşır və onları növbəti verilişdə başqa bir ailənin qapısında bax belə “sual-cavablar”la tanış edəcəyinə vəd verir.
…Deyəsən verilişin haqqında yazdığım məlumat çox vaxt apardı. Amma bu barədə düşünməyə, fikir bildirməyə dəyməzmi, əziz oxucular? XXI əsrdə Azərbaycan mediasının göstərdiyi süjetin, verdiyi məlumatın primitivlik dərəcəsinə bəs bizim yerimizə kimlər reaksiya verməlidir ki?! Gəlin bu verilişi bütün dünya mediası ilə ilgili bir neçə parametrdən dəyərləndirib sonra ona sərf olunan maliyyə vəsaitlərinə diqqət çəkək. Yaşadığımız əsrin mediaçılığı baxımından ən vacib elementləri sıralayıram:
1. Məlumatlılıq – 0
2. Əyləncə – 0
3. Şou – 0
4. Maarifçilik – 0
5. Tamaşaçı ruhuna hər hansı forma və məzmunla qida vermək – 0
6. Suallar (bəsit və bezdirici) – 0 və s.
Tamaşaçı zövqünü korlayan bu verilişə sərf olunan vəsaitləri isə özünüz hesablayın. Ona nə qədər reklam cəlb edilir, Lider televiziyası çəkiliş qrupu ayırır, maliyyə sərf edir, avtomobil verir, montaj şəraiti yaradır, əmək haqqı və ya qonorar ödəyir və s. Bütün bunlar yaxşıdır. Amma nəyə? Bəs bu proqram tamaşaçıya nə verir? Bu verilişə arxa duranların da sıralarına daxil olduğu tamaşaçıya? Təbii ki, həm də sizlərə, əziz oxucular.