Maşın və diler seçmək üçün dünyanın ən məşhur saytlarından biri olan “Cars.com” satışa çıxarılıb. Sayt “Classified Ventures” şirkətinə məxsusdur. Bu şirkətdə “Los Angeles Times”, “Miami Herald”, “Dallas Morning Star” kimi populyar kütləvi informasiya vasitələrinin də payı var.
Modern.az-ın məlumatına görə, artıq saytın qiyməti də müəyyənləşdirilib və elan edilib. “Cars.com” 3 milyard dollara satılır. Qiymətin əlçatmazlığına baxmayaraq təkliflə maraqlananlar da az deyil. Nəzərə alsaq ki, saytın illik gəliri yarım milyarda yaxındır, onda “Cars.com”a sahib olmaq istəyənlərin fikrini başa düşmək olar.
“Cars.com” saytının xidmətlərindən hər ay 11 milyon nəfər istifadə edir. Bu rəqəmə sayta qonaq qismində daxil olanlar aid deyil. Söhbət sırf müştərilərdən gedir.
Qeyd edək ki, sayt 1998-ci ildən fəaliyyət göstərir. “Cars.com” avtomobillər haqqında istənilən məlumatı əldə etmək, qiymət fərqlərini öyrənmək, diler müzakirələri aparmaq üçün ziyarətçilərə böyük imkanlar verir.