Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasını mümkün hesab edir.
“Diffamasiya haqqında” qanun layihəsi nə vaxtsa müzakirəyə çıxarıla bilər, amma bunun yaxın vaxtlarda baş verəcəyini düşünmürəm” – vitse-spiker Bahar Muradova Trend News-a belə deyib.
Bir müddət əvvəl Mətbuat Şurası və bir neçə jurnalist təşkilatı Milli Məclisin rəhbərliyinə “Diffamasiya haqqında” qanun layihəsinin müzakirəyə çıxarılaraq qəbul edilməsi ilə bağlı müraciət ediblər.
“Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna milklət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
Muradovanın sözlərinə görə, cəmiyyətdə bununla bağlı kifayət qədər müzakirələr aparılıb. “Lakin layihəni qəbul etməzdən əvvəl bu qanunun təsiri altında olan insanların özlərinin qanunvericiliyə və mətbuata münasibəti dəyişməlidir” – deyə vitse-spiker əlavə edib.
www.trend.az